Bakı, TurkicWorld
Quba İş Adamlarına Dəstək-QİAD platformasının İdarə Heyətinin sədri Cabbar Heybətovun rəhbərlik etdiyi nümayəndə heyəti MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib. Bu haqda TurkicWorld QİAD-dan daxil olan məlumatda deyilir.
“Görüşdə İdarə Heyətinin sədri Rəşad Cabirli və İdarə Heyəti üzvləri iştirak edib. Görüş zamanı MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli dərnəyin fəaliyyəti və son illərdəki sürətli inkişafı haqqında geniş məlumat verib. "QİAD" İdarə Heyətinin sədri Cabbar Heybətov da öz növbəsində ,"QİAD"ın strateji hədəfləri, məqsədləri, gələcək planları haqqında məlumat verib. "QİAD"ın gələcək inkişafının dayanıqlı olması üçün MÜSİAD kimi köklü dərnəklərin bilik və təcrübəsindən istifadə olunacağı qeyd olunub”-deyə məlumatda qeyd olunub.
Məlumatda o da qeyd olunur ki, tərəflər eyni zamanda regionda fəaliyyət göstərən sahibkarları dəstəkləyərək onların inkişafına və, yerli iqtisadi tərəqqiyə töhfə vermək, dayanıqlı və rəqabət qabiliyyətli iş mühitinin formalaşdırılması məqsədilə görüləcək işlər və regionda fəaliyyət göstərən təşkilatlarla, sahibkarlarla əməkdaşlığın əhəmiyyəti, prioritetləri müzakirə edilib.
“Görüş zamanı, tərəflər Azərbaycana xarici investisiyaların cəlb olunmasının qarşılarında duran vacib prioritetlərdən biri olduğu bildiriblər. Rəşad Cabirli Azərbaycanın ticari-iqtisadi olaraq 10 milyonluq əhalisi olan coğrafiya olaraq deyil, 250 milyondan çox əhalisi olan MDB ölkələrinə çıxış nöqtəsi kimi dəyərləndirilməsi vacib olduğunu və bölgələrə xarici investisiyaların cəlb edilməsi üçün həmin bölgələr barədə təqdimatların hazırlanmasının önəmini qeyd edib. MÜSİAD Azərbaycan tərəfindən “QİAD” İdarə Heyəti üzvlərinə Azərbaycanın Türkiyədə, xüsusilə Türk iş adamları arasında tanıdılması məqsədilə nəşr edilən “Azərbaycana gelmek üçün 101 neden” kitabı təqdim edilib”-deyə məlumatda deyilir.