Bakı, TurkicWorld
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun birgə əməkdaşlığı çərçivəsində nəşr olunan görkəmli yazıçı Mir Cəlalın “Nizami Gəncəvi Dünyası” kitabının təqdimatı keçirilib
TurkicWorld xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında təşkilat ilə “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun birgə əməkdaşlığı çərçivəsində nəşr olunan XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, elm xadimi, professor Mir Cəlalın “Nizami Gəncəvi Dünyası” kitabının təqdimat mərasimi keçirilib.
Qeyd olunmalıdır ki, kitabda Mir Cəlalın dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri haqqındakı elmi məqalələri yer alır.
Tədbir “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə gerçəkləşib.
Tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq, bildirib ki, Türk dünyasının böyük şəxsiyyətlərinin irsini tanıtmaq hər zaman Fondun prioritetləri sırasında olub. O, Mir Cəlalın "Nizami Gəncəvi dünyası" kitabının Fondun "Türk dünyasının görkəmli şəxsiyyətləri" seriyasından ikinci nəşr olduğunu qeyd edib.
Aktotı Raimkulova bu kitab seriyasından təşkilatın ilk nəşri "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabı olduğunu diqqətə çatdırıb.
Aktotı Raimkulova qeyd edib ki, dahi Nizami Gəncəvi irsinə məhəbbət görkəmli yazıçı, alim Mir Cəlalın yaradıcılığında hər zaman önəmli yer tutub.
Fondun prezidenti sözügedən nəşrin həm Nizami irsinin öyrənilməsinə, həm də Mir Cəlal yaradıcılığına Azərbaycan oxucularının marağını daha da artıracağına əminliyini vurğulayıb.
Tədbirdə çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev Türk xalqlarının ədəbi şəxsiyyətlərinin yaradıcılığının tanıdılmasınınəhəmiyyətini vurğulayıb. Professor Hafiz Paşayev Türk Mədəniyyəti və İrsi Fonduna fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə həmçinin, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, professor ədəbiyyatşünas alim, professor Təhsin Mütəllimov, şair, yazıçı Fərid Hüseyn çıxış edərək Nizami Gəncəvinin mənəvi dünyasının Azərbaycan ədəbiyyatında yaratdığı izlərin Mir Cəlal yaradıcılığında dərindənaraşdırıldığını qeyd ediblər. Çıxışçılar belə layihələrin Türk dünyasının ədəbiyyatına, mədəniyyətinə töhfə verdiyini vurğulayıblar.
Tədbirdə həmçinin, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri,ədəbiyyat, ictimai və elm xadimləri, KİV təmsilçiləri iştirak ediblər.
Tədbirin bədii hissəsində Azərbaycanın əməkdar artisti, opera müğənnisi Ramil Qasımovun və pianoçu, professor Zülfiyyə Sadıqovanın ifasında Azərbaycanın görkəmli bəstəkarlarının klassik əsərləri təqdim olunub.