Bakı, TurkicWorld
Qazaxıstanın Almatı şəhərində Qazaxıstan Respublikasının YUNESKO və İSESKO üzrə Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qazaxıstan Respublikasının Qeyri-Maddi Mədəni İrs üzrə Milli Komitəsi və Muxtar Auezov adına İncəsənət və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Türk xalqlarının mənəvi irsi dünya sivilizasiyası kontekstində: “Alpamış Batır” dastanı” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib
TurkicWorld xəbər verir ki, 17-18 oktyabr 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində Dostluq Evində Qazaxıstan Respublikasının YUNESKO və İSESKO üzrə Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qazaxıstan Respublikasının Qeyri-Maddi Mədəni İrs üzrə Milli Komitəsi və Muxtar Auezov adına İncəsənət və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Türk xalqlarının mənəvi irsi dünya sivilizasiyası kontekstində: “Alpamış Batır” dastanı” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi təşkilatın türk mədəniyyətinin və irsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində genişmiqyaslı fəaliyyətlərindən bəhs edib. Aktotı Raimkulova Fond tərəfindən həyata keçirilən layihələrin bərpa və muzeyləşdirmə, elmi-tədris, təhsil və yaradıcılıq istiqamətlərində mühüm rol oynadığını vurğulayıb.
O, Fondun aktual layihələri sırasında “Türk Dünyasının Mədəni İrsinin qorunması haqqında” Konvensiyası, ortaq türk mədəni irs obyektlərinin çoxdilli kataloqu - “TurkHeritage”, ümumtürk dəyərlərinin geniş şəkildə işıqlandırıldığı silsilə sənədli filmlərin yayımlandığı “TURKDISCOVERY” rəqəmsal platformasına diqqəti çəkib.
Aktotı Raimkulova Fond tərəfindən “Türk Dünyasının görkəmli şəxsiyyətləri”, “Türk Dünyasının ədəbi inciləri”, “Türk Dünyasının elmi inciləri” adlı kitab seriyalarının tərtib olunduğunu diqqətə çatdırıb. O, rəhbərlik etdiyi təşkilat tərəfindən türk dünyasının müxtəlif sahələrdə çalışan mütəxəssislərini bir araya gətirən təcrübə mübadiləsi proqramları, türk dünyasının şəhərlərində türk irsinə və yaradıcılığına dair müxtəlif mərkəzlərinin açılmasını, türk mədəni irsini ictimaiyyətə tanıdan tədbirlərin gerçəkləşdirilməsi yönündə işlərin aparıldığını vurğulayıb.
Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının ortaq ədəbi dəyərlərini təbliğ edən layihələri dəstəklədiyini bildirərək, qeyd edib: “Türk dünyasının klassik qəhrəmanlıq dastanlarından biri olan “Alpamış batır” dastanı bu gün ortaq dəyərimizə çevrilib. “Alpamıs batır” dastanı türk xalqlarının dəyərli və bədii yadigarı hesab olunur. O, qədim dövrlərin adət-ənənələrini, idrakını, dünyagörüşünü, gerçəkliyini aydın şəkildə təsvir edir. “Alpamıs batır” dastanı türk xalqlarına birliyi, mənəviyyatı aşılayan milli iftixara çevrilib. Odur ki, bugünkü tədbir gənc nəslin milli şüurunun formalaşması, inkişafı, türk xalqlarının kimliyinin və birliyinin qorunub saxlanması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Aktotı Raimkulova tədbirin həmtəşkilatçılarına, eləcə də iştirakçılarına Türk Mədəniyyəti və İrsi Fondu adından təşəkkür edib.
Konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Muxtar Auezov adına İncəsənət və Ədəbiyyat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində qazax, rus və ingilis dillərində nəşr olunan “Alpamış Batır” dastanının təqdimatı keçirilib. Bu nəşrin müxtəlif dillərdə yayımlanmasında məqsəd türk xalqlarının ortaq mənəvi irsini yaşatmaq, eləcə də geniş beynəlxalq auditoriyaya çatdırmaqdır.
Konfrans Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Rusiya Federasiyasından (Ufa, Kazan, Novosibirsk) tanınmış alimlərin "Alpamış Batır" dastanına, eləcə də ümumtürk epik ənənələrinə, folklor irsinə və bu sahənin dərindən öyrənilməsinin aspektlərinə dair mövzular ətrafında çıxışları və məruzələri ilə panel və sessiyalarla davam etdirilib.
Həmçinin, bu konfrans çərçivəsində “Alpamış Batır” dastanının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün beynəlxalq ekspertlər tərəfindən namizədliyinin irəli sürülməsi ilə bağlı müzakirələr aparılıb.
Folklor irsi və müasirliyin vəhdəti fonunda türk ədəbiyyatının və mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması və qorunması kimi məqsədlərin əhəmiyyəti tədbirin əsas istiqamətlərindən biri olmuşdur.
Beynəlxalq konfransda türkdilli dövlətlərdən, eləcə də digər xarici ölkələrdən alimlər – dilçilər, tarixçilər, filosoflar, dastançılar, folklorşünaslar, ədəbiyyatşünaslar, sənətşünaslar, mədəniyyətşünaslar, ali təhsil müəssisələrinin professorları iştirak ediblər.