Son dəqiqə

Bakı Təşəbbüs Qrupu Zikhlər

Hindistanın zikh icmasına qarşı transmilli repressiya siyasəti beynəlxalq narahatlıq doğurur - BTQ

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Hindistan hökumətinin zikh fəalları və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi tədbirlərin coğrafiyasının genişləndiyi və transmilli xarakter aldığı bildirilir.

TurkicWorld Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki, müxtəlif insan hüquqları təşkilatlarının hesabatlarında Hindistan hökumətinin zikh fəallarına qarşı təqiblərinin yalnız ölkə daxilində deyil, həm də xaricdə davam etdiyi qeyd olunur. Əvvəllər bu məsələ əsasən ABŞ və Kanada kontekstində müzakirə olunsa da, son məlumatlar oxşar təzyiqlərin Avstraliya, Böyük Britaniya və Almaniyada da müşahidə edildiyini göstərir.

Məlumata görə, 2023-cü ildə Kanada ərazisində zikh fəalı Hardeep Singh Nijjar öldürülüb. Daha sonra ABŞ-da Hindistan vətəndaşı Nikhil Gupta tərəfindən zikh fəalı Gurpatwant Singh Pannuna qarşı sui-qəsd planının ifşa edildiyi bildirilib. Hər iki hadisə beynəlxalq mediada geniş müzakirə olunub və Hindistan hökumətinin mümkün əlaqəsi ilə bağlı iddialar irəli sürülüb.

Mütəxəssislər qeyd edir ki, transmilli repressiya yalnız fiziki təhdid və zorakılıqla məhdudlaşmır. Bu siyasət çərçivəsində diaspor fəallarının izlənməsi, dezinformasiya kampaniyaları, siyasi və diplomatik təzyiqlər, miqrasiya məhdudiyyətləri, reputasiya hücumları və kiber hücumlar kimi müxtəlif üsullardan istifadə olunduğu bildirilir.

Bu istiqamətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin də fəallaşdığı vurğulanır. Bakı Təşəbbüs Qrupu tərəfindən 16 yanvar tarixində Bakıda “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Hindistanda zikh və digər dini azlıqlara qarşı diskriminasiya hallarının müzakirə edildiyi bildirilib.

Konfransdan sonra Bakı Təşəbbüs Qrupunun rəqəmsal sistemlərinin kiber hücumlara məruz qaldığı qeyd olunur. Eyni zamanda “Sikh Federation Canada” təşkilatının rəhbəri Bual Moninder Singh tədbirdən sonra özünə və ailəsinə qarşı ölüm təhdidləri aldığını açıqlayıb.

Müşahidəçilərin fikrincə, qlobal diaspor şəbəkələrinin genişlənməsi və rəqəmsal texnologiyaların inkişafı fonunda bu cür təzyiq mexanizmləri müxtəlif ölkələrdə paralel şəkildə həyata keçirilə bilir. Buna görə də məsələ yalnız bir dövlətin daxili siyasəti deyil, beynəlxalq insan hüquqları və transmilli repressiya problemi kimi qiymətləndirilir.

Ekspertlər hesab edir ki, qlobal gündəmdə müharibə və regional münaqişələrin artması fonunda bu kimi hallar bəzən beynəlxalq diqqətdən kənarda qala bilir. Bu səbəbdən zikh təşkilatlarının beynəlxalq platformalarda məsələni gündəmdə saxlamaq və təhlükəsizlik mexanizmlərini gücləndirmək istiqamətində müzakirələr apardıqları bildirilir.

Mövzuya görə xəbərlər