BAKI,TurkicWorld
ABŞ-ın paytaxtı Vaşinqtonda, Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir.
TurkicWorld xəbər verir ki, bu, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması mövzusunda ABŞ Konqresində keçirilən ilk belə tədbir kimi təqdim olunur.
Konfransda insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə ekspertlər, qaçqın və milli azlıqların hüquqları sahəsində ixtisaslaşmış mütəxəssislər, diaspor təşkilatları, vətəndaş cəmiyyəti institutları və zərərçəkmiş icmaların nümayəndələri iştirak edirlər.
Tədbir iştirakçıları yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından zorla qovulması fonunda qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması məsələsini müzakirə edirlər.
Həmçinin Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin məhv edilməsi, təhrif olunması və mənimsənilməsi ilə bağlı iddiaların beynəlxalq hüquq çərçivəsində araşdırılması gündəmə gətirilib.
Bu çərçivədə BMT mexanizmləri, faktaraşdırıcı missiyalar və xüsusi məruzəçilərin cəlb olunması imkanları ətrafında fikir mübadiləsi aparılır.
Tədbirdə müstəmləkəçilikdən əziyyət çəkən xalqların öz müqəddəratını təyinetmə hüququ və BMT-nin dekolonizasiya siyahısı ilə bağlı məsələlər də müzakirə edilir.







