Son dəqiqə

Bakı Təşəbbüs Qrupu Bakı Təşəbbüs Qrupu dekolonizasiya prosesinə töhfə verir Bakı Təşəbbüs Qrupu beynəlxalq nüfuzunu artırır Burkina-Faso Xarici İşlər Nazirliyi

Bakı Təşəbbüs Qrupu Burkina-Faso ilə əməkdaşlıq memorandumu imzalayacaq

BAKI,TurkicWorld Orxan Qədirzadə

11 iyul 2026-cı il tarixində paytaxtımızda Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.

Bu əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətinə yayılmasında mühüm addım kimi qiymətləndirilir. BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayırdısa, artıq bir ölkənin dövlət orqanı ilə əməkdaşlığa başlayır.

Sənəd Afrika ölkələrinin aparıcı tədqiqat institutları, beyin mərkəzləri və vətəndaş cəmiyyəti təşkilatları ilə nəticəyönümlü əməkdaşlığın inkişafına, eləcə də BTQ ilə Qlobal Cənub ölkələri arasında elmi və praktik əlaqələrin gücləndirilməsinə, ortaq təşəbbüslərin icrasına töhfə verəcəkdir.

Əməkdaşlıq çərçivəsində Afrika qitəsində müstəmləkəçiliyin yaratdığı problemlər, neokolonial idarəetmə, təbii resursların istismarı, iqtisadi asılılıq mexanizmləri və reparasiya məsələlərinə dair birgə analitik hesabatların, siyasət sənədlərinin (policy papers) hazırlanması və onun beynəlxalq ictimaiyyətə çatdırılması nəzərdə tutulur. Tərəflər bu istiqamətlər üzrə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı genişləndirəcək, birgə təşəbbüslər irəli sürəcəklər.

Əməkdaşlıq çərçivəsində dekolonizasiya və neokolonializm mövzularında müntəzəm dialoqların, ortaq tədqiqat layihələrinin və illik beynəlxalq konfransların keçirilməsi də nəzərdə tutulur. Bu təşəbbüslər Afrika ilə bağlı reallıqların, habelə böyük güclər tərəfindən indiyə kimi törədilmiş insanlıq əleyhinə cinayətlərin daha geniş tanıdılmasına töhfə verəcək.

Memorandum Afrika ölkələrində keçirilən tədbirlərdə BTQ ekspertlərinin iştirakını nəzərdə tutur. Bununla yanaşı, gənc tədqiqatçılar üçün mübadilə və təlim proqramlarının və digər akademik fəaliyyətin həyata keçirilməsi planlaşdırılır.

Mövzuya görə xəbərlər