BAKI, TurkicWorld
Bu gün Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılmasının üç ili tamam olur.
BTQ 2023-cü il iyulun 6-da Bakıda, Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində keçirilən "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" beynəlxalq konfransında iştirakçıların yekdil qərarı ilə təsis edilib.
Təşkilatın yaydığı məlumata görə, ötən üç il ərzində BTQ kolonializm və neokolonializm məsələlərinin beynəlxalq gündəmdə yenidən müzakirəyə çıxarılması istiqamətində fəaliyyət göstərib, dekolonizasiya prosesinə dəstək verən platformalardan birinə çevrilib.
Bildirilir ki, bu müddətdə müstəmləkəçilikdən əziyyət çəkən xalqların problemləri beynəlxalq platformalarda gündəmə gətirilib, müstəqillik uğrunda mübarizə aparan hərəkatlarla əməkdaşlıq genişləndirilib. Məlumatda qeyd olunur ki, Fransada Korsikanın muxtariyyət statusu ilə bağlı müzakirələrin intensivləşməsi, Yeni Kaledoniyanın gələcək statusuna dair proseslərin yeni mərhələyə keçməsi, kolonial dövrdən qalmış bəzi hüquqi mexanizmlərin ləğvi və keçmiş müstəmləkələrdən aparılmış mədəni irsin geri qaytarılması istiqamətində atılan addımlar bu sahədə baş verən mühüm inkişaflar sırasındadır.
BTQ-nin məlumatına əsasən, fəaliyyət göstərdiyi dövrdə təşkilat 40-dan çox beynəlxalq konfrans keçirib. Onlardan 10-u BMT-nin müxtəlif qərargahlarında təşkil olunub. Eyni zamanda, 50-dən çox nəşr hazırlanıb, 10 əməkdaşlıq memorandumu imzalanıb və 25-dən çox ölkə və dənizaşırı ərazi ilə əməkdaşlıq əlaqələri qurulub.
Təşkilatın mühüm nailiyyətlərindən biri kimi Bakıda Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (Front international de décolonisation – FID) təsis edilməsi göstərilir. Qurultayda Fransa və Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib regionu, Antil adaları, Boneyra və Sen-Martindən olan 17-dən çox siyasi partiya və müstəqillik hərəkatının nümayəndələri iştirak ediblər.
2024-cü il oktyabrın 22-də BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində təşkilat tərəfindən "Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız müstəmləkəçiliyinin nəticələri" adlı hesabat Komitəyə təqdim olunub. Həmin hesabatda yer alan faktlar əsasında BMT-nin İnsan Hüquqları Komitəsi Fransadan 2024-cü ilin mayında Yeni Kaledoniyada baş vermiş hadisələrlə bağlı hesabat tələb edib.
Məlumatda bildirilir ki, 2025-ci ilin mayında BTQ BMT-nin Afrika Mənşəli İnsanların Daimi Forumuna və İnsan Hüquqları üzrə Ali Komissarlığına "Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi" çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair hesabat təqdim edib. Daha sonra həmin hesabat BMT Baş katibinin 2025-ci il üzrə məruzəsində qeyd olunub. Təşkilat bunu fəaliyyətinin BMT sistemi səviyyəsində tanınmasının göstəricisi kimi qiymətləndirir.
BTQ-nin məlumatına görə, Baş katibin hesabatında təşkilat dekolonizasiya və kiçik ada xalqlarının müstəqilliyi istiqamətində fəaliyyət göstərən qlobal vətəndaş cəmiyyəti qurumları arasında yeganə QHT kimi göstərilib.
Bununla yanaşı, təşkilat 2026-cı il iyunun 24-də ABŞ-nin paytaxtı Vaşinqtonda, Konqres binasında qayıdış hüququ mövzusunda tədbir keçirərək azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətinin beynəlxalq müstəvidə müzakirəsinə başlanıldığını bildirib.
Hazırda beynəlxalq təşkilatlar, akademik dairələr və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını genişləndirməkdə davam edir. Təşkilatın təşəbbüsü ilə müxtəlif regionlardan olan yerli xalqların nümayəndələri, milli azadlıq hərəkatları, parlament üzvləri, alimlər, beynəlxalq ekspertlər və hüquq müdafiəçiləri mütəmadi olaraq bir araya gətirilir.




