Quba şəhərində “Xocalı qətliamı dünya tarixinin qan yaddaşında” mövzusunda seminar keçirilib

Quba şəhərində “Xocalı qətliamı dünya tarixinin qan yaddaşında” mövzusunda seminar keçirilib

Baku, TurkicWorld

Bəşəriyyət tarixinin ən dəhşətli kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Quba şəhərində “Xocalı qətliamı dünya tarixinin qan yaddaşında” mövzusunda seminar keçirilib

TurkicWorld, AzerVoice-ə istinadən xəbər verir ki,Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov, din xadimləri, dindarlar, Quba şəhər sakinləri iştirak edib.

Çıxışlar zamanı bildirildi ki, soyqırımı siyasəti erməni vandalizminin xislətidir və Xocalı soyqırımı nəinki azərbaycanlılara qarşı, ümumilikdə bütün bəşəriyyətə qarşı çevrilmiş qanlı bir cinayətdir. İnsanların, xüsusi ilə uşaq, qadın və yaşlıların amansızlıqla öldürüldüyü Xocalı qətliamının insanlıq tarixində misli görünməmiş bir cinayət olduğunu vurğulandı. Qeyd olundu ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilmiş, kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə etmiş, Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün mühüm işlər görülmüşdür. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbycanın işğal olunmuş əraziləri, o cümlədən Xocalı şəhəri azad edilmiş və ədalət, inkişaf bərqərar olmuşdur.

Azərbaycan xalqı heç bir zaman erməni vandalizminin bariz nümunəsi olan Xocalı soyqırımını və burada qətl edilən insanları unutmayacaq, qanlı hadisəninin qurbanlarını hər zaman yad edəcəkdir.