Bakı. TurkicWorld:
32 il əvvəl Xocalıda törədilmiş cinayətin ildönümündə “Beynəlxalq İnsan Hüquqları Təşkilatları”ndan tələbimiz ondan ibarətdir ki, günahkarların qanuna uyğun olaraq layiq olduqları cəzanı alması üçün nə lazımdırsa edilsin.
Bu sözləri TurkicWorld-a açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
"1992-ci il fevralın 26-da Sovet Ordusunun dəstəklədiyi Ermənistan silahlı qüvvələri bu gün Qəzzada İsrailin etdiyi kimi, Xocalıya soxularaq dinc əhaliyə, uşaq və qadınlara qarşı qırğınlar törədib", - deyə o qeyd edib.
Y.Topçu Aliya İzzetbeqoviçdən sitat gətirərək bildirib ki, "Nə edirsinizsə edin, soyqırımı unutmayın. Çünki unudulan soyqırım təkrarlanacaq”.
"Biz Xocalı və bütün digər qətliamları, cinayətləri və onların icraçılarını unutmamışıq və unutmayacağıq. Xocalı şəhidlərini hörmətlə yad edirəm", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.