Ağalı kəndinə köç edən ailələrə mənzillərin açarı təqdim edilib

Ağalı kəndinə köç edən ailələrə mənzillərin açarı təqdim edilib

Bakı. TurkicWorld:

Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 95 nəfərdən ibarət 17 ailənin növbəti köçü baş tutub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən TurkicWorld-a bildiriblər ki, Bakıdan yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

Bu günədək Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 150 ailə, 744 nəfər köçürülüb.

Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və digər imkanlar mövcuddur.

Həmçinin oktyabrın 28-də də Ağalı kəndinə növbəti köç baş tutacaq. Bu dəfə isə 24 ailə öz doğma yurduna qayıdacaq.

Qeyd edək ki, bu gün Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. Belə ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə - 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaqlar. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.