Xaçmaz rayonunun dini icmaları tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub

Xaçmaz rayonunun dini icmaları tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub

Bakı. TurkicWorld:

8 Noyabr Zəfər Bayramı ərəfəsindəyik. Üç il əvvəl bu günlərdə Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün xalqımız öz dövləti, Ordusu ətrafında bir yumruq kimi birləşərək, 44 günlük çətin, ağrılı, eyni zamanda, şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılacaq bir mərhələyə qədəm qoydu. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Azərbaycan Ordusu üstünlüyü ələ aldı, düşmənə ağır zərbələr endirdi. 19-20 sentyabr tarixində isə Azərbaycan dövləti tərəfindən aparılan antiterror əməliyyatları zamanı ölkəmizin suverenliyi tam olaraq bərpa edildi. Ölkəmizin tarixi ərazilərinin işğaldan azad edilməsi zamanı öz həyatlarını Azərbaycanın suverenliyi uğrunda fəda etmiş övladlarını xalqımız heç zaman unutmayacaqdır.

Oktyabrın 3-də, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş növbəti tədbir Xaçmaz rayonunda həyata keçirilib. Xaçmaz şəhərində yerləşən Şəhidlər xiyabanı rayonun dini icmaları tərəfindən ziyarət olunub, daha sonra Xaçmaz şəhər “Təzə şəhər” məscidində Şəhidlərimizin əziz ruhlarına dualar oxunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Xaçmaz Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev və Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarovun iştirak etdiyi anım mərasimindən sonra şəhid Bayramov Məmməd Arif oğlunun ailəsi ziyarət olunmuşdur.