BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramı ilə bağlı məsələsini BMT Təhlükəsizlik Şurasına çıxaran qətnaməsinin heç bir nəticə verməyəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Qəribabadi İranın nüvə obyektlərinə hücumlar nəticəsində yaranan problemlərin BAEA tərəfindən İranı “öhdəliklərə əməl etməməkdə” ittiham etmək və məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq üçün bəhanə kimi istifadə edildiyini deyib.
O, sosial şəbəkədə yazıb ki, BAEA İdarə Heyətinin qəbul etdiyi qətnamə “siyasət və fəaliyyətlərinin uğursuzluğunu kompensasiya etməyəcək və Təhlükəsizlik Şurasında heç nəyə nail ola bilməyəcək”.
BAEA İdarə Heyəti İranın nüvə silahlarının yayılmaması üzrə öhdəliklərini pozduğu iddiası ilə məsələni BMT Təhlükəsizlik Şurasına göndərən qətnaməni qəbul edib.
Bu, İranın 20 il ərzində ilk dəfə belə bir qərarla BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarılması deməkdir.
İranın BAEA-dakı nümayəndəsi Rza Nəcəfi dövlət televiziyasına açıqlamasında qətnamənin ABŞ və müttəfiqlərinin siyasi təzyiqi altında qəbul edildiyini bildirib.
Tehran isə İranın nüvə obyektlərinə qarşı hücumların BAEA-nın müfəttişlərinin fəaliyyətinə və obyektlərə çıxış imkanlarına təsir göstərdiyini vurğulayaraq, agentliyin qərarını siyasi motivli hesab edir.







