Bakı. TurkicWorld:
Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Şabran Rayon İcra Hakimiyyətinin (RİH) və İnsan hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü: dini etiqad azadlığı hüququ, tolerantlıq və Azərbaycançılıq” mövzusunda konfrans keçirilib. Konfransda DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Şabran RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vasif Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin Şabran, Siyəzən və Xızı rayonları üzrə qazısı Cavanşir Əfəndiyev, ziyalılar, gənclər, dini icma sədrləri və din xadimləri iştirak edib.
Konfransda Vətən torpaqlarının azad ediməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxışlar zamanı bildirilib ki, Heydər Əliyevin adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. O, yaşadığı dövrdə möhtəşəmliyi və əzəmətilə fərqlənən bir şəxsiyyət olmuşdur. Dünya azərbaycanlılarını birliyə və vəhdətə səsləyən, müdrik rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev nəinki Azərbaycan xalqının Ulu Öndəri, həm də bütün dünyanın etiraf etdiyi görkəmli liderdir. Qeyd edilib ki, Ulu Öndər ən böyük multikultural və tolerantlıq nümunəsi göstərərək dövlətimizin başlıca prioritetlərini müəyyənləşdirib. Bu elə bir prioritetlərdir ki, Vətənimizdə yaşayan müxtəlif konfessiya və dinlərə etiqad edən rəngərəng xalqlar və etnoslar, etnik qruplar bir bayraq altında eyni amal uğrunda sülh və bərabərlik şəraitində yaşamalıdırlar. Məhz Ümummilli Liderin irəli sürdüyü Azərbaycançılıq ideyası birliyimizin ən böyük təzahürüdür. Azərbaycançılıq məfkurəsi elə bir düşüncə tərzidir ki, nəinki Vətənimizdə sülh və əminamanlıq şəraitində müxtəlif dinlərin, etnos və xalqların nümayəndələrini birləşdirir, həmçinin Azərbaycanla bağlılığı olan və Dünyanın yaxın-uzaq ölkələrində yaşayan bütün sülhpərvər insanları birləşdirir. Konfransda bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri, dini etiqad azadlığının qorunması sahəsində atılan mühüm addımlar öz bəhrəsini verir və Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Konfransda DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən təqdm edilən “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş etdirilib, DQİDK və MDTF tərəfindən çap edilmiş, Ulu Öndər Heydər Əliyevdən, tolerantlıqdan və milli-mənəvi dəyərlərimizdən, Azərbaycançılıqdan, dövlət-din münasibətlərindən bəhs edən kitab sərgisi təşkil edilib, iştirakçılara hədiyyə edilmişdir.