İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə boş qalan yerlərə tələbə qəbulu elan edilib

İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə boş qalan yerlərə tələbə qəbulu elan edilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2023/2024-cü tədris ili üçün “İslamşünaslıq” ixtisasına boş qalan yerlərə tələbə qəbulu elan edilib.

6 sentyabr 2023-cü il tarixində III ixtisas qrupu üzrə bakalavriat pilləsinin “İslamşünaslıq” ixtisasına boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi keçirilib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan Dini Psixoloji Komissiya (DPK) üzrə 1-4 sentyabr tarixlərində qeydiyyatdan keçən 23 nəfərdən 12-si “məqbul” qiymət alıb.

Məlumat üçün bildirək ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi sentyabrın 4-dən 9-dək aparılır. “İslamşünaslıq” ixtisasını seçmək istəyən abituriyentlər DPK-nın müsahibəsində iştirak edib məqbul aldıqları təqdirdə elektron qaydada https://eservices.dim.gov.az/erizebak/ixtisas2/?frm=egov1 ixtisas seçimi edib ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə balı minimum 50 olan abituriyentlər iştirak ediblər.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.

III ixtisas qrupunun İslamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.