Son dəqiqə

Osmanlı dövləti tarixi

Osmanlı dövləti Anadolu bəyliklərini necə öz hakimiyyəti altına aldı?

Bakı. TurkicWorld:

Osmanlıların Rumelidəki fəthlər nəticəsində zənginləşməsi iqtisadi cəhətdən durğun Anadoludakı digər bəyliklərin əhalisinə və hərbi zümrələrinə təsir edərək onları Osmanlı dövlətinə yönəlməyə məcbur etdi. Osmanlıların Rumelidə xristianlara qarşı Qəzza siyasəti onlara böyük nüfuz qazandırdı. Osmanlı bəyliyi Qəzza siyasətini Anadolu bəylikləri arasında çox yaxşı təbliğ edərək digər bəyliklər arasında da nüfuz və üstünlük qazandı.

Elxanilər dövlətinin zəifləməsi və Germiyan bəyliyinin Qərbi Anadoluda türkmən bəylikləri üzərində hökmranlığını itirməsindən sonra Qaraman bəyliyi bu bölgələri öz nəzarəti altına almağa çalışırdı. Lakin Səlcuqluların varisi və Anadoludakı türkmən bəyliklərinin ən böyüyü olan Qaramanlılar Osmanlının Qəzza siyasətinə qarşı müqavimət göstərə bilmədi. Qaramanlılar bu bölgələrdəki xalq və əsgərlər üzərində Osmanlı təsirini aradan qaldırmaq üçün daha güclü qazi olduqlarını sübut etməli idilər.

1367-ci ildə Qaraman bəyliyinin rəhbərliyi ilə türkmən bəylikləri latınların nəzarəti altında olan Qoriqos qalasına yürüş etdilər. Bu səfər Anadolu bəyliklərinin güc nümayişi idi. Onlar Osmanlılara daha güclü qazi olduqlarını sübut etməyə çalışırdılar. Məmlük dövlətinin də dəstəklədiyi bu səfər istənilən nəticəni vermədi və uğursuzluqla başa çatdı. Bu uğursuzluq Qaramanlıların təsirini zəiflətdi və Osmanlıların nüfuzunu daha da artırdı. 1387-ci ildə Frank Yazu döyüşündə Qaramanlıların Osmanlı dövlətinə məğlub olmaları onların Qərbi Anadoludakı türkmən bəylikləri üzərindəki siyasətinə son qoydu. Bu müharibədən sonra Şimali Anadoluda Qərbi Anadolu bəylikləri, Qaramanoğulları və Candaroğulları Osmanlı hakimiyyətini qəbul etdilər.

Qaraman bəyliyinin hücumundan qorxan Germiyan bəyi Süleyman bəy qızı Devlet Xatunu Osmanlı sultanı I Muradın böyük oğlu Yıldırım Bəyazidlə evləndirərək Osmanlı himayəsini qazanmağı düşünürdü. I Murad təklifi müsbət qarşılayır və evlilik baş tutur. Lakin Osmanlılar Kütahya, Simav, Eğrigöz (Emet) və Tavşanlı şəhərlərini cehiz olaraq aldılar. Bu şəhərlərin tərk edilməsi böyük ehtimalla könüllü yox, Osmanlının siyasi təzyiqi nəticəsində baş verib. Lakin iki bəylik arasında qalan Germiyanların bəyliyi daha uzun müddət ayaqda tutmaqdan başqa çarəsi yox idi.

Qoriqos yürüşündən sonra Qaraman bəyliyinin təsirindən xilas olmaq istəyən Həmidoğulları Osmanlı ilə yaxınlaşır. Bu vəziyyətdən istifadə edən I Murad Həmidoğullarından Kəmaləddin Hüseyn bəyə Qaramanlıların hücumlarına qarşı kömək üçün Qaraman sərhəddindəki qalalarının bir hissəsini Osmanlılara satmağı təklif etdi. Daha sonra I Murad oğlu Bəyazidin evliliyi ilə hakimiyyətinə keçirdiyi Germiyan torpaqlarını görmək üçün Kütahyaya gələndə təlaşlanan Həmid bəy elçi göndərərək Osmanlının istədiyi şəhərləri satmağa razılaşdığını bildirib.

1381-1382-ci ildə edilən alqı-satqı razılığına görə Həmidoğullar 80 min qızıl qarşılığında Akşehir, Beyşehir, Seydişehir, Yalvaç və Karaağacı Osmanlılara verdi. Əslində bu vəziyyət iki bəylik arasında parçalanan və heç bir müqavimət göstərməyən Həmidoğullarının qarşılaşdıqları təzyiqlər nəticəsində torpaqlarını Osmanlılara verməsindən başqa bir şey deyildi. Osmanlılar bu fəthləri qanuniləşdirmək üçün həmin əraziləri pulla satın aldıqlarını təbliğ edirdilər. Lakin gözünü bu torpaqlara dikən Qaramanlılarla Osmanlılar arasında qarşıdurma başladı. İki bəylik arasında bu şəhərlər uğrunda dəfələrlə toqquşmalar baş verib. Daha sonra 1387-ci ildə Qaraman yürüşü zamanı I Murad Həmidoğulların mərkəzi olan Eğirdir şəhərini öz hakimiyyəti altına keçirdi.

Silsilə xəbərlər

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər