Son dəqiqə

Osmanlı dövləti tarixi İngiltərə və Fransanın Osmanlıya hücumu Birinci Dünya Müharibəsi İstanbulun işğal planı və Osmanlı müdafiəsi Ənvər Paşa Osmanlı İmperiyası Osmanlı İmperiyasının tarixi Əşrəf Quşçubaşı kimdir? Təşkilat-ı Məxsusə Sultan II Əbdüləziz Yeni Osmanlılar Osmanlı Məktəbi-Hərbiyəsi Cəlal Bayar Sultan Rəşad II Məşrutiyyət Jön Türklər İttihad və Tərəqqi

Təşkilat-ı Məxsusənin qurucusu Əşrəf Quşçubaşı kimdir?

BAKI, TurkicWorld

Əşrəf Səncər (Əşrəf Quşçubaşı)- Osmanlı dövlətinin son dövrünün ən mühüm simalarından biri, Təşkilat-ı Məxsusənin (Osmanlı xüsusi xidmət və gizli əməliyyat qurumu) qurucusu və ilk rəhbəridir. Həm kəşfiyyat, həm də xüsusi əməliyyatlar tarixində “Osmanlının gizli əli” kimi tanınır.

Əşrəf Səncər İstanbulda anadan olub. Atası Sultan II Əbdüləzizin quşçubaşısı Mustafa Nuri bəy, babası isə saray quşçubaşısı Eşrəf Səncər idi. Bu səbəbdən “Quşçubaşı” ünvanı sonrada ailə soyadına çevrilmişdir.

Ailəsi ata tərəfdən çərkəzlərin Ubıx qoluna, ana tərəfdən isə sülaləsi Sultan Səncərə bağlanan bir nəslə mənsubdur.

Əşrəf Səncər təhsilini Məktəbi-Hərbiyədə alıb. Son kursda ikən Yeni Osmanlılarla əlaqə ittihamı ilə atası ilə birlikdə Hicaza sürgün edilib.

Tâifdə bir müddət saxlandıqdan sonra qardaşı Səlim Sami bəy ilə birlikdə qaçaraq silahlı mübarizəyə başlayıb. Gənc zabitlərdən ibarət dəstə qurub, üzərinə göndərilən qüvvələri məğlub edib və çoxlu silah-sursat ələ keçirib.

1898-ci ildə sürgündə olan polkovnik Rasim bəyin təşviqi ilə Təşkilat-ı Məxsusəni qurub və təşkilatın ilk rəhbəri olub.

Sonralar Kiprə və Avropaya gedərək Jön Türklərlə əlaqələr yaradıb.

Əşrəf Səncər molla qiyafəsində Makedoniyaya keçərək Üçüncü Ordunun heyətinə daxil olub. Burada İttihadçı liderlər — Niyazi bəy, Ənvər paşa və Əyyub Sabri bəy ilə sıx əməkdaşlıq edib.

Onun fəaliyyəti 1908-ci ildə II Məşrutiyyətin bərpa olunmasına ciddi töhfə vermişdir.

1910-cu ildə Təşkilat-ı Məxsusə Sultan Rəşad tərəfindən rəsmi şəkildə təsdiqlənmiş və Baş Komandanlığa bağlanmışdır.

Əşrəf Səncər Balkan müharibələrinə qatılaraq könüllü milis dəstələrinin başında Ədirnənin geri alınmasında mühüm rol oynamışdır.

1913-cü ildə isə Babıalinin (Osmanlı hökuməti) razılığı olmadan Batı Trakyada müstəqil Türk Cümhuriyyətinin yaradılmasında aparıcı fiqurlardan biri olmuşdur.

Müharibənin ilk ilində gizli şəkildə Hindistana gedərək Pamir dağları üzərindən Türküstana keçib və burada Rus imperiyasını çətin vəziyyətə salan Yedisu–Qırğız üsyanını təşkil edib.

Xeybər bölgəsində Osmanlı ordusuna sursat aparan karvanla hərəkət edərkən ingilis və Şərif Hüseyn qüvvələri tərəfindən pusquya düşüb, ağır yaralı halda əsir götürülüb və Maltaya sürgün edilib.

Maltadan qaçaraq İstanbula qayıdan Əşrəf Səncər Osmanlını işğal etmək istəyən qüvvələrə qarşı ilk gizli müqavimət hərəkatını təşkil edən şəxslərdən biri olub.

O, həmçinin Çərkəz Etemin Milli Mübarizəyə qoşulmasında həlledici rol oynamışdır.

Cümhuriyyət elan edildikdən sonra qardaşı ilə birlikdə “Yüzəlliliklər” siyahısına daxil edilərək ölkədən çıxarılıb.

Əşrəf Səncər həyatının son illərini Salihli və Sökədəki təsərrüfatlarında keçirib və 1964-cü ilin payızında Sökədə vəfat edib.

Öz həyatını və iştirak etdiyi tarixi hadisələri “Tarixə Məndən Xəbərlər” adlı xatirə kitabında toplamışdır.

Bu əsər nəşr edilməsə də, Cəlal Bayarın “Mən də Yazdım” kitabı üçün mühüm mənbə olmuş, tarixçi Cemal Kutay tərəfindən də geniş şəkildə istifadə edilmişdir.

Mövzuya görə xəbərlər