Kılıçdaroğlunun təklif etdiyi yol, İranın və Ermənistanın uzun illər ərzində çalışdığı məsələdir - Nəsib Məhəməliyev (ÖZƏL)

Kılıçdaroğlunun təklif etdiyi yol, İranın və Ermənistanın uzun illər ərzində çalışdığı məsələdir - Nəsib Məhəməliyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Kılıçdaroğlunun təklif etdiyi yol, İranın və Ermənistanın uzun illər ərzində çalışdığı məsələdir, lakin onlar bunu bacarmadılar.

Bu sözləri Milli Məclisin deputatı, Nəsib Məhəməliyev deyib.

O, Kılıçdaroğlunun "Yeni İpək Yolu Projesi" ilə bağlı müraciətinə dair fikir bildirib:

"Kılıçdaroğlu bilmir ki, “Tarixi İpək Yolunun” bərpası ilə bağlı, 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, Gülüstan sarayında beynəlxalq konfrans keçirilmiş, bu yol üzərində yerləşən dövlət başçıları konfransda iştirak etmişlər. Nəticə olaraq, Çindən Avropaya, Xəzər dənizi vasitəsilə ən qısa yol, indiki “Orta Xətt” marşrutu müəyyənləşdirilmişdir".

Deputatın dediyinə görə, Kılıçdaroğlunun “Yeni İpək Yolu Projesi” - ni həyatının ən böyük projesi adlandırması, hər şeydən əvvəl acı gülüş doğuraraq bay Kamalın geosiyasi proseslər barədə bilgilərinin məhdud səviyyədə olduğunu göstərir.

"Marşrutun üzərində Xəzər dənizinin Azərbaycan sahilində Yeni Ələt Limanı, Türkmənistanda Türkmənbaşı limanı inşa edilmişdir. Hər iki limanın illik yük aşırma gücü 25 milyon tona çatdırılması planlaşdırılır. Qazaxıstanın Aktübinsk limanının infrastrukturu genişləndirilir. Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu artıq istifadəyə verilimişdir", - deyə millət vəkili əlavə edib.

"Təəccüb doğuran odur ki, doğrudanmı Kılıçdaroğlunun Çindən Türkiyəyə, oradan Avropaya, Londona qədər gedən konteyner qatarlarından xəbəri yoxdur. Son zamanlar yük həcminin kəskin artdığı üçün Prezident İlham Əliyevin göstərişinə görə, Azərbaycanın maliyyələşdirdiyi həmin dəmiryolunun daşıma imkanları genişləndirilir. Dövlətlərarası sərhəd-keçid məntəqələrinin imkanları genişləndirilir və buraxılış prosedurları sadələşdirilir",- deyə deputat bildirib.

N. Məhəməliyevin sözlərinə görə, Kılıçdaroğlunun öz adına təqdim etdiyi “İpək Yolu Projesi” artıq 25 ildir fəaliyyət göstərir və getdikcə daha da geniş vüsət alır, populyarlaşır: "Adam, ən azından 25 il geridə qalmış, öz ölkəsində belə baş verənlərdən xəbəri olmamış. Yaxud, kimlərinsə tapşırığı ilə yanlış təbliğat aparır. Xalqı bilərəkdən aldadır".

Deputat, bu müraciətin bütövlüklə türk dünyası üçün təhlükəli olduğunu vurğulayıb:

"Ən təhlükəli məsələ, Kılıçdaroğlunun nümayiş etdirdiyi xəritədir. Söhbət təkcə iqtisadi kommunikasiyalardan getmir. İllər uzunu çox böyük zəhmət hesabına qurulmuş Türk Birliyindən, Türk Dünyasının gələcəyindən gedir. Türkdilli dövlətlərin müşavirəsindən başlamış, Türk Dövlətləri Birliyi Təşkilatına qədər böyük bir yol keçmiş bu təsisat, günü-gündən möhkəmlənir, dövlətlərarası siyasi-iqtisadi-ticari, hərbi, elmi-texnoloji, mədəni əlaqələr inkişaf edir. Yaxın perspektivdə Avropa İttifaqı kimi, Türk Dövlətləri Birliyinin beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutacağı şübhəsizdir. Böyük bir coğrafiyanı, təbii sərvətlərə malik, güclü Türk Birliyi, bir çox geosiyasi gücləri narahat edir. Bütün imkanları ilə çalışırlar ki, bunun qarşısını alsınlar. Hiss olunur ki, Kılıçdaroğlunun qarşısına qoyulan vəzifələrdən biri də türk birliyinin inteqrasiyasının qarşısının alınması, pozulmasıdır."

O, həmçinin, Kılıçdaroğlunun "Orta İpək Yolu" - nda Azərbaycanın yox, İranın adını çəkməsinə rəy bildərək deyib ki, onun təklif etdiyi yol, İranın və Ermənistanın uzun illər ərzində çalışdığı məsələdir.

"Keçdilər klassik varianta, 5-ci kolon vasitəsilə daxildə “parçala, hökm sür” siyasətinə. Kılıçdaroğlu seçki öncəsi çoxlu vədlər verir. Özünü Qərbyönümlü siyasətçi kimi göstərir. Başa düşmür ki, Qərb heç zaman terrorçu dövlət kimi tanıdığı İran ərazisindən marşrutlardan istifadə edilməsinə icazə verməz. Qərb İrandan asılı vəziyyətə düşə bilməz", - deyə M.Nəsib əlavə edib.

Nəticə etibarilə, millət vəkili, Kılıçdaroğlunun başladığı oyunun Türkiyənin gələcəyi, o cümlədən türk dünyası üçün olduqca təhlükəli olduğunu və tarixin təkrarlana biləcəyini bildirdi. Onun sözlərinə görə, belə bir hal olduğu təqdirdə türk cümhuriyyətləri yenidən müxtəlif imperiyaların vassalına çevrilər, yüzilliklərlə inkişafdan qala bilər.

Amaliya İsmayılova

Twitter: @IsmailovAmaliya