Son dəqiqə

Türkiyə NATO Avropa İttifaqı Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı NATO sammiti

Ankarada veriləcək qərarlar NATO-nun gələcəyini dəyişəcəkmi? Ərdoğan diqqətçəkən mesajlar verdi

BAKI,TurkicWorld Orxan Qədirzadə

Qazaxıstana səfərini başa çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən NATO-nun gələcəyi, Avropa Birliyi ilə münasibətlər, türk dövlətləri ilə əməkdaşlıq və Yaxın Şərqdəki gərginlik barədə mühüm açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO Liderlər Zirvəsi alyansın gələcək istiqamətini müəyyən edən mühüm mərhələlərdən biri olacaq. Onun sözlərinə görə, dünyada və regionda baş verən son hadisələr Ankarada keçiriləcək zirvənin əhəmiyyətini daha da artırıb.

Ərdoğan qeyd edib ki, NATO-nun yaradıldığı dövrdəki dünya artıq mövcud deyil və yeni geosiyasi reallıqlar alyans qarşısında daha mürəkkəb təhdidlər yaradıb. O vurğulayıb ki, risklər genişlənib, qlobal sistem zəifləyib və bu şəraitdə alyans daxilində ədalətli məsuliyyət bölgüsü, səmimi əməkdaşlıq və ortaq təhlükəsizlik anlayışı əsas prioritetlərdən biridir. Türkiyənin daha hazırlıqlı və daha qətiyyətli NATO üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduğu bildirilib.

Prezident çıxışında türk dövlətləri ilə münasibətlərə də toxunub. O bildirib ki, Türkiyə türk dünyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və bunu Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da gücləndirib. Ərdoğan deyib ki, təşkilat "ailə məclisi" kimi qiymətləndirilir və burada iqtisadiyyat, enerji, nəqliyyat, təhlükəsizlik, müdafiə, diplomatiya və digər sahələr üzrə əməkdaşlıq genişləndirilir. O, həmçinin Türkiyədə ilk dəfə "Türk Dünyası Baxış Sənədi"nin hazırlandığını və bu il Türk Dövlətləri Təşkilatının Liderlər Zirvəsinə Türkiyənin ev sahibliyi edəcəyini açıqlayıb.

Yaxın Şərqdəki vəziyyət barədə danışan Türkiyə Prezidenti bölgədəki gərginliyin əsas səbəblərindən birinin İsrailin təxribat xarakterli siyasəti olduğunu bildirib. Onun sözlərinə görə, bəzi qüvvələr regionun daha geniş münaqişəyə cəlb olunmasına çalışır. Ərdoğan qeyd edib ki, Türkiyə vəziyyətin daha da ağırlaşmaması üçün diplomatik səylərini davam etdirəcək və region problemlərinin region ölkələri tərəfindən həll edilməsinin vacibliyini müdafiə edir.

Avropa Birliyi ilə münasibətlərdən danışan Ərdoğan Türkiyənin tamhüquqlu üzvlük hədəfindən geri çəkilməyəcəyini vurğulayıb. O bildirib ki, Türkiyə heç bir qurum üçün yük yaradan ölkə deyil, əksinə iştirak etdiyi bütün platformalara əlavə dəyər qazandırır. Türkiyə Prezidentinin sözlərinə görə, Avropa Birliyi Türkiyəni rəqib kimi deyil, strateji imkan kimi qiymətləndirməlidir və bu məsələdə tarixi qərar vermək mərhələsinə gəlib.

Mövzuya görə xəbərlər