BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər çərçivəsində Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən rəsmi mərasimlə qarşılanıb.
TurkicWorld xəbər verir ki, səfər çərçivəsində liderlər Müstəqillik Sarayında təkbətək görüş keçirib, daha sonra Türkiyə–Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirak ediblər.
Görüşdən sonra Tokayev Türkiyə Prezidenti Ərdoğana “Xoca Əhməd Yəsəvi” ordenini təqdim edib. Bununla da Ərdoğan bu ordenə layiq görülən ilk şəxs olub.
Ərdoğan təqdimetmə mərasimində çıxışı zamanı bildirib ki, Xoca Əhməd Yəsəvinin adını daşıyan bu xüsusi ordenin ilk dəfə ona təqdim edilməsindən böyük məmnunluq duyur. O qeyd edib ki, bu mükafatı Türkiyə dövlətinə və türk xalqına göstərilən yüksək ehtiramın ifadəsi kimi qəbul edir.
Türkiyə Prezidenti həmçinin Türkiyə ilə Qazaxıstan arasında qardaşlıq münasibətlərinin hazırkı səviyyəyə çatmasında Tokayevin rolunu xüsusi vurğulayıb və iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Səfər çərçivəsində iki lider 6 fevral zəlzələlərindən sonra Qazaxıstan tərəfindən Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda inşa edilən “Xoca Əhməd Yəsəvi” ibtidai məktəbinin açılış mərasimində də iştirak edib.
Məlumata görə, “Xoca Əhməd Yəsəvi” ordeni Qazaxıstan Prezidenti Tokayev tərəfindən 10 aprel 2026-cı ildə təsis olunub. Ordenin türk dünyası, mədəni əlaqələr və dövlətlərarası münasibətlərin inkişafına töhfə verən şəxslərə təqdim olunacağı bildirilib.
Ərdoğanın korteji Astana küçələrində Türkiyə və Qazaxıstan bayraqları ilə bəzədilmiş marşrut boyunca hərəkət edib. Rəsmi mərasim zamanı hər iki ölkənin dövlət himnləri səsləndirilib və fəxri qarovul dəstəsi salamlanıb.
Səfərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat və digər yüksəkvəzifəli rəsmilər iştirak ediblər.






