Kolumbiya telekanalında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan geniş süjet yayımlanıb

Kolumbiya telekanalında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan geniş süjet yayımlanıb

Bakı. TurkicWorld:

Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş süjet yayımlanıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, süjetdə Azərbaycan xalqının Ümummilli liderinin - Heydər Əliyevin anadan olmasının 100 illiyini təntənəli şəkildə qeyd etdiyi bildirilir.

Qeyd olunur ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın Ermənistanın təcavüzü və daxili çəkişmələr üzündən dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdığı bir vaxtda Heydər Əliyev ölkədə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində zəfər qazanaraq erməni işğalına son qoymuşdur.

Bildirilir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və gələcəyə hesablanmış siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Heydər Əliyev siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyətlə davam etdirilir.

Reportajda Azərbaycanın bölgədə reallaşan qlobal miqyaslı layihələrin əsas iştirakçısı olmaqla yanaşı, beynəlxalq tədbirlərə də uğurla evsahibliyi etdiyinə diqqət çəkilir. Azərbaycanın bütün dünyada multikulturalizm, tolerantlıq, inkişaf və tərəqqi nümunəsi kimi tanındığı vurğulanır.

Həmçinin, Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini hər zaman hörmət və ehtiramla yad etdiyi və ölkənin nadir memarlıq nümunələrindən biri olan Heydər Əliyev Mərkəzinin müasir Azərbaycanın banisinin, “Azərbaycanın atası”nın adını daşıdığı qeyd olunur.

Eyni zamanda, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” kimi qeyd olunmasının tarixi əhəmiyyəti Kolumbiya kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Aparıcı yerli mətbu orqanları olan “Yeni Əsr” (“El Nuevo Siglo”) qəzetinin, “Al Press” xəbər agentliyinin internet səhifələrində müvafiq məqalələr dərc edilmişdir.