Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Mehriban Əliyeva Cənubi Qafqaz Bakı Ümummilli lider Heydər Əliyev

Qafqazda ilk ürək transplantasiyası Azərbaycanın səhiyyədə regional liderliyini təsdiqləyir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Qafqazda ilk ürək transplantasiyası Azərbaycan səhiyyəsinin tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin bu sahədə regional liderliyini bir daha təsdiqləyir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı səsləndirib.

Professor bildirib ki, ötən il Azərbaycan səhiyyə tarixi üçün unudulmaz hadisələrlə yadda qalıb və uzun illər ərzində ölkəmizin səhiyyə salnaməsində öz tarixi əhəmiyyətini qoruyub saxlayacaq. Onun sözlərinə görə, məhz 2025-ci ildə ölkəmizdə ilk dəfə beyin ölümü qeydə alınmış donordan orqan transplantasiyası həyata keçirilib.

“Sevindirici haldır ki, biz ürək cərrahları olaraq bu tarixi prosesə qoşulduq və 2025-ci ildə iki uğurlu ürək transplantasiyası icra etdik. Bu əməliyyatlar Azərbaycanın Qafqaz regionunda donor orqandan ürək transplantasiyası sahəsində lider mövqeyini təsdiqlədi və region üçün bir ilk kimi tarixə düşdü”, – deyə professor vurğulayıb.

Qeyd olunub ki, əldə edilən bu nailiyyətlərin təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş səhiyyə strategiyası dayanır: “Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda orqan transplantasiyası kimi mürəkkəb və yüksək texnologiya tələb edən əməliyyatlar uğurla icra olunur”.

Mövzuya görə xəbərlər