BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Rusiyanın peyklərinin İranın Yaxın Şərqdəki hücumlarına dəstək verib-vermədiyini Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edəcəyini bildirib. O, həmçinin ABŞ-nin hazırda Yəməndəki döyüş əməliyyatlarında iştirak etmədiyini, lakin zərurət yaranarsa mövqeyin dəyişə biləcəyini deyib.
TurkicWorld xəbər verir ki, Donald Tramp Air Force One təyyarəsində jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın Körfəz ölkələri və bölgədə yerləşən ABŞ hərbi obyektləri üzərində peyk müşahidəsi apardığına dair bəyanatına münasibət bildirib. Tramp bu məsələni Vladimir Putinlə müzakirə edəcəyini deyərək, "Putindən bu barədə soruşacağam. Həqiqəti öyrənəcəyik", - ifadəsini işlədib.
ABŞ Prezidenti Yəməndəki vəziyyətə də toxunaraq bildirib ki, Vaşinqton hazırda husilərlə Səudiyyə Ərəbistanı arasında baş verən qarşıdurmada iştirak etmir. Onun sözlərinə görə, ABŞ bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı ilə əlaqə saxlayır, lakin "hazırda bu münaqişəyə cəlb olunmayıb". Tramp əlavə edib ki, vəziyyət dəyişərsə, ABŞ-nin mövqeyi də dəyişə bilər.
Son günlər husilər və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hücumlar davam edir. Husilər krallığın limanlarına qarşı dəniz blokadası tətbiq etdiklərini açıqlayıblar. Bu bəyanatlar müstəqil mənbələr tərəfindən ayrıca təsdiqlənməyib.
Tramp Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan "İbrahim Sazişləri"nə qoşulması məsələsinə də münasibət bildirib. O deyib ki, Vaşinqton hələlik bu mövzunu Riyadla müzakirə etməyib.
ABŞ Prezidenti xatırladıb ki, ötən cümə günü Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmasa, krallıqla mülki nüvə əməkdaşlığı sazişinin imzalanmasının mümkün olmayacağını bildirmişdi.







