HDP-nin Kılıçdaroğluna dəstək verməsi, konkret şərtlərlə bağlıdır - Nəsib Məhəməliyev (ÖZƏL)

HDP-nin Kılıçdaroğluna dəstək verməsi, konkret şərtlərlə bağlıdır - Nəsib Məhəməliyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Kılıçdaroğlu 6-lı masanın təşkil etdiyi “Millət ittifaqını” təmsil edir və əlavə olaraq HDP ora qoşulub. HDP-nın Kılıçdaroğluna dəstək verməsi, konkret şərtlərlə bağlıdır.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

“Türkiyə ilə Azərbaycan qardaş ölkələr olsa da, biz oradakı seçkilərə müdaxilə etmirik. Bir vətəndaş olaraq, bu və ya digər namizədə simpatiyamızın və yaxud antipatiyamızın olması normaldır”, - deyə deputat bildirib. O, Türkiyə seçkilərində 6-lı masanın təşkil etdiyi “Millət ittifaqını” təmsil edən Kemal Kılıçdaroğlu ilə bağlı aşağıdaki rəyi bildirib:

“Bildiyimiz kimi, Kılıçdaroğlu 6-lı masanın təşkil etdiyi “Millət ittifaqını” təmsil edir. Əlavə olaraq, HDP ora qoşulub. HDP-nın Kılıçdaroğluna dəstək verməsi, konkret şərtlərlə bağlıdır. Bu partiyanın əsas tələbi uzun illər ərzində Türkiyəyə qarşı çoxsaylı terror aktları törətmiş və təxminən 40 minə yaxın insanın ölümünə səbəb olmuş Abdullah Ocalanın, partiya sədri Səlahəddin Dəmirtaşın, (hansı ki, Rusiya təyyarəsi vurulandan sonra Moskvaya səfər edərək, xarici işlər naziri Sergey Lavrovdan Türkiyəni vurmaq üçün raket silahları istəmişdi) və digər terrorda ittiham olunanların azadlığa buraxılması, İraqın və Suriyanın şimalında məskunlaşmış PKK, YPG, PYD-yə qarşı mübarizəni dayandırmaqdır. HDP-nin, PKK-nın siyasi qanadı olması heç kimdə şübhə doğurmur. Eyni zamanda, Kılıncdaroğlu 15 iyul terrorunun təşkilatçısı Fetullah Gülənin və tərəfdarlarının, Gəzi olaylarında ittiham olunan Osman Kavalanın azadlığa çıxarılacağını vəd edir. Ağır cinayətlərdə, ələlxüsus, öz ölkəsinə qarşı terrorçuluqda mühakimə olunmuş şəxslərin azadlığa buraxılması, dövlətin bütövlüyü üçün son dərəcə təhlükəli haldır”.

Millət vəkili, cəmiyyətdə ciddi siyasi çəkisi olmayan və ideoloji baxımdan bir-birinə zidd, yeni yaranmış xırda partiyaların rəhbərlərinin prezident köməkçisi vəzifələrinə təyin olunacağı barədə razılığa gəlmələrinin yanlışlıq olduğunu bildirərək, Atatürkün qurduğu CHP kimi böyük partiyanın haqq etdiyi millət vəkili kürsülərinin 6-lı masa, indi artıq 7-li masa üzvləri arasında bölüşdürülməsinin düzgün siyasət olmadığını vurğulayıb.

“Düşünürəm ki, bu hal idarəetmə baxımından son dərəcə yanlışdır. Ələlxüsus, indiki prezident idarəetmə sistemində təhlükəlidir. Tam məsuliyyətlə deyə bilərəm ki, belə bir koalisiyanın ömrü çox qısa olar və indiki müttəfiqlikləri düşmənçiliyə çevrilər. Mən İYİ partiya ilə HDP-nin birgə çalışmasını qətiyyən təsəvvür edə bilmirəm. Kılıçdaroğlunun, HDP ilə anlaşdığına görə Meral Akşener 6-lı masanı tərk etmişdi. 72 saat fasilədən sonra onları birləşdirən xarici qüvvənin təsiri və təzyiqi ilə görünməmiş hadisə baş verdi. Meral xanım qayıtmaq məcburiyyətində qaldı. Hal-hazırda reallıq ondan ibarətdir ki, Kılıçdaroğlunun hər iki partiyanın qarşısında öhdəlikləri var və onları yerinə yetirməlidir”, - deyə deputat əlavə edib.

Sonda M.Nəsib Azərbaycanın və Mərkəzi Asiya Türk cümhiriyyətlərinin seçmə imkanı olduğu təqdirdə seçiminin Rəcəb Tayyib Ərdoğan olacağını bildirib. Deputatın dediyinə görə, Türkiyədə keçirilən son sosioloji sorğular da, Ərdoğanın birinci turda qalib gələcəyini göstərir.
“Təbii, bunlar sadəcə bizim fikirlərimizdir. Yekun söz türk millətinindir. İnşaallah hər şey yaxşı olar. Qardaş ölkəyə bu seçkilərdə əmin-amanlıq, tarixin bu sınağından uğurla çıxmağı arzulayıram. Allah Türkiyəmizi qorusun”, - deyə M.Nəsib sonda bildirib.