WUF13

Azərbaycan mediası beynəlxalq tədbirlərin işıqlandırılması sahəsində zəngin və unikal təcrübə qazanıb - MEDİA

Bakı. TurkicWorld:

Azərbaycan mediası COP29 zamanı qazandığı uğur hekayəsini bu WUF13-də davam və yenidən nümayiş etdirir.

TurkicWorld xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli WUF13 çərçivəsində keçirilən "Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi" mövzusunda tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

İcraçı direktorun müavini bildirin ki, həm ölkə daxilindəki auditoriya, həm də beynəlxalq auditoriya üçün forumun vacib mesajlarının çatdırılmasında Azərbaycan mediası etibarlı və mötəbər informasiya mənbəyi funksiyasını uğurla yerinə yetirir:

"Ümumilikdə, Azərbaycan mediası beynəlxalq tədbirlərin işıqlandırılması sahəsində zəngin və unikal təcrübə qazanıb. Biz inanırıq ki, bu təcrübə gələcək fəaliyyətimizdə peşəkarlığın daha da artırılmasına mühüm töhfə verəcək.

Bu gün biz "newsroom"da çox fəal və dinamik bir iş mühiti müşahidə edirik və Azərbaycan jurnalistlərinə bu peşəkar fəaliyyətlərinə görə təşəkkürümüzü bildiririk.

Azərbaycan mediası COP29-da olduğu kimi, bu forumun işıqlandırılmasında da öz peşəkar vəzifəsini yüksək səviyyədə yerinə yetirir".

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Mövzuya görə xəbərlər