Azad olunan ərazilərdə su təsərrüfatına dəymiş ziyanla bağlı ilkin qiymətləndirmələr aparılır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov deyib.
O bildirib ki, ilk növbədə bu ərazilər minalardan təmizlənməlidir: "Qısa müddət ərzində Suqovuşan su anbarının ərazisi minalardan təmizlənib. Minatəmizləmə işləri nəticəsində 700-dən çox piyada əleyhinə minalar və partlamamış sursatlar məhv edilib.
Suqovuşan su anbarından işğaldan azad edilən ərazilərin əkin sahələri suvarılıb. Belə ki, Ağdam rayonunda 300 hektar ərazinin, həmçinin Füzuli rayonunun əkin sahələri suvarılıb. Ümumiyyətlə bütün respublikada 1 milyon 400 mindən yuxarı suvarılan sahələr mövcuddur. Ölkə ərazisində suvarmanın mütəşəkkil aparılması üçün işğaldan azad olunan ərazilərin su infrastrukturunun təmir və bərpasına ehtiyac var idi".
ƏTRAFLI
Tess 10 sec
Sədr müavini bildirib ki, təkcə Suqovuşan su anbarı kompleksinin ətrafında 96 min hektar ərazi var: "Biz onun işğala qədər 36 min hektarının suvarılmasını bu kompleks vasitələ həyata keçirirdik. Suqovuşan su anbarı işğaldan azad olunandan sonra biz çalışırdıq ki, buradakı sudan qənaətlə və səmərəli istifadə edək. Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy əraziləri bu kompleks vasitəsilə suvarılır. Hazırda bu kompleksdə təmir işlərinə başlanılıb, bu ilin sonuna qədər təmir işlərini yekunlaşdırmağa çalışacağıq. Bunlar 3 mərhələyə bölünüb. Birinci mərhələdə bu kompleksin özü və ondan ayrılan 5.2 kilometr magistral kanalı, ikinci mərhələdə Tərtər çay sol sahili magistral kanalının 22 kilometri, üçüncüdə isə Tərtər çay sağ magistral kanalının 70 kilometrinin bərpasıdır.
Tərtər çay sol sahili magistral kanalının bərpası işlərinə başlanılıb və bu ilin sonuna qədər layihə işləri sona çatdırılacaq. Bu bitəndən sonra yenidən qısa müddətdə tender elan edərək Tərtər sol sahili magistral kanalının bərpasını həyata keçirəcəyik. Üçüncü mərhələdə Tərtər çay sağ sahili magistral kanalının bərpasını həyata keçirəcəyik. Bu magistral kanalın su buraxma qabiliyyəti saniyədə 50 kubmetrdir, uzunluğu isə 70 kilometrə yaxındır. Bunun də 5 kilometri Tərtərin, 20 kilometri Agdərənin, 44 kilometri isə Ağdamın ərazisinə düşür".