Azərbaycanla BƏƏ arasında iri enerji layihələri münasibətləri yeni mərhələyə çıxaracaq – Sahil Kərimli

Azərbaycanla BƏƏ arasında iri enerji layihələri münasibətləri yeni mərhələyə çıxaracaq – Sahil Kərimli

Bakı. Trend:

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür.

Bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Prezident İlham Əliyevin BƏƏ-yə səfəri və keçirdiyi görüşlər heç şübhəsiz ki, bu əlaqələri daha da zirvəyə qaldıracaq, inkişaf etdirəcək.

Ölkələrimiz arasında qarşılıqlı investisiya yatırımlarının, ticari əlaqələrin genişlənməsinin həm iqtisadi, həm də siyasi baxımdan tərəflərə yeni dividendlər qazandırdığını diqqətə çatdıran siyasi şərhçi deyib: "Azərbaycan və BƏƏ bütün beynəlxalq platformalarda bir-birinin maraqlarını müdafiə edir, ortaq mövqedən çıxış edirlər. Bu da çox önəmli amildir. Görüş zamanı Azərbaycan və BƏƏ prezidentlərinin qarşılıqlı hörmət və ehtirama əsaslanan bəyanatları, əlbəttə ki, məmnunluq yaradır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri iqtisadi sahədə əməkdaşlığın dinamikasını artıracaq. Burada əsas prioritet istiqamət alternativ enerji mənbələri üzərində iş və yaşıl enerji layihələrinin icrasıdır". Onun sözlərinə görə, BƏƏ-nin nüfuzlu "Masdar" şirkəti ilə müştərək layihələrin perspektivi böyükdür. Bu layihələrlə Azərbaycan dünya enerji bazarında öz rolunu və yerini daha da möhkəmləndirəcək, böyük gəlirlər əldə edəcək.

"Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyada söz sahibinə çevirir. BƏƏ ilə dərinləşən hərtərəfli əlaqələr də gələcəyə hesablanıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir", - deyən Sahil Kərimli fikirlərini tamamlayıb.