Bakı. TurkicWorld:
Ermənistan Azərbaycanla sülh prosesində konstruktiv mövqe ortaya qoymaq əvəzinə anklav olmayan kəndlərin qaytarılmasını gecikdirir.
TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli ARB 24-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər Ermənistan yaxın günlərdə bu kəndlərin qaytarılması məsələsini həll etməsə, Azərbaycan bir neçə dəqiqə və saat ərzində bu kəndləri asanlıqla geri qaytara bilər.
"Son günlər Ermənistan baş naziri Nikol Paşinyan da başa düşüb ki, bu kəndlər Azərbaycana qaytarılmalıdır. Ermənistan siyasi hakimiyyəti məsələni siyasi baxımdan uzatmağa çalışır. Qərbdə və Avropa dairələrində özünə dayaqlar axtarmağa çalışırlar. Həmin dairələr Ermənistandan vasitə kimi istifadə edərək, öz məqsədlərinə çatmaq istəyirlər.
Ermənistan daxilində qeyri-konstruktiv mövqe tutan dairələr, Qərbin, Avropanın xüsusi xidmət orqanları, dairələri ərazidə yaşayan insanları təxribata sürükləyirlər və separatçılığa cəlb etmək istəyirlər", - deyə S.Kərimli bildirib.