AYİB Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə qərar qəbul olunduğu təqdirdə Azərbaycanla işləməyə hazırdır - Odil Ren-Basso (Özəl müsahibə)

AYİB Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə qərar qəbul olunduğu təqdirdə Azərbaycanla işləməyə hazırdır - Odil Ren-Basso (Özəl müsahibə)

Bakı. TurkicWorld:

Cənub Qaz Dəhlizi genişləndirilə bilər və bu barədə qərar qəbul olunarsa, biz Azərbaycanla əməkdaşlıqdan məmnun olarıq.

Bunu Azərbaycana səfəri ərəfəsində Trend-ə özəl müsahibəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso deyib.

"Bizim tarixən Azərbaycanla çox səmərəli əməkdaşlığımız olub. Bank keçmişdə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib, "Şahdəniz-2", TANAP və TAP layihələri üçün 1,7 milyard avro məbləğində maliyyə vəsaiti ayırıb. Hazırda bizim strateji diqqətimiz ölkənin qeyri-neft sektorunun, o cümlədən bərpa olunan enerjinin sahəsinin inkişafına dəstək verməkdir. Prezident İlham Əliyev bərpa olunan enerji haqqında qanunu imzalayıb təsdiq etdikdən sonra biz Qaradağda ilk özəl kommunal miqyaslı günəş elektrik stansiyasına 21,4 milyon avro sərmayə qoymuşuq. Bu, Azərbaycanda bərpa olunan enerji ilə bağlı gələcək layihələrin həyata keçirilməsinə zəmin yaratmalı olan əlamətdar sazişdir", - deyə o bildirib.

Odil Reno-Basso qeyd edib ki, AYİB bu yaxınlarda Energetika Nazirliyinə bərpa olunan enerji sisteminin inkişafında, o cümlədən bərpa olunan enerji üzrə hərraclarda dəstək göstərib.

"Biz həmçinin nazirliyə şəbəkənin gücləndirilməsi üçün araşdırma aparmağa kömək etmişik. İndi biz bütün Azərbaycan ərazisində şəbəkənin təkmilləşdirilməsinə sərmayə qoymağa hazırıq ki, bu da bərpa olunan enerji sektorunun gələcək inkişafı üçün ilkin şərtdir. Bank bərpa olunan enerji sahəsində digər layihələrə investisiya qoymaq imkanları tədqiq etməyə hazırdır. Biz Abşeron yarımadasında öz sahəsində ilk külək elektrik stansiyasına investisiya qoymağa hazırlaşırıq. Biz başa düşürük ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi mümkündür və əgər belə bir qərar qəbul edilərsə, biz Azərbaycanla əməkdaşlıq etməkdən şad olarıq. Lakin Bankın layihəni maliyyələşdirməsi üçün o, Paris Sazişinin məqsədlərinə və Bankın qazıntı yanacaqlarına dair siyasətinə,uyğun olmalıdır”, - AYİB prezidenti bildirib.

Gəncə şəhəri üzrə "Yaşıl şəhər" fəaliyyət planına gəldikdə, Odil Reno-Basso qeyd edib ki, AYİB-in 5 milyard avro dəyərində "Yaşıl şəhərlər" proqramı üzv şəhərlərə fərdi "Yaşıl şəhər" fəaliyyət planlarının hazırlanması və investisiyaların yönləndirilməsi vasitəsilə ən aktual ekoloji problemlərin müəyyən edilməsinə, prioritetləşdirilməsinə və həllinə kömək edir.

"Hazırda "Yaşıl şəhərlər" şəbəkəsində 56 şəhər var və Gəncə 2020-ci ildə proqrama qoşulan ilk Azərbaycan şəhəri olub. İyul ayında biz Gəncə üçün "Yaşıl şəhər" fəaliyyət planını işə saldıq. Fəaliyyət planı iqlim dəyişikliyi ilə bağlı problem və riskləri müəyyənləşdirmək və prioritetləşdirməklə yanaşı, həm də şəhər infrastrukturuna məqsədyönlü investisiyalar və siyasət tədbirləri vasitəsilə bu problemləri həll edir. Fəaliyyət Planı həm də şəhərlərin uzunmüddətli dayanıqlı inkişafına maliyyə cəlb etmək üçün bir vasitədir. Bu il Gəncədə ağıllı tullantı toplama sistemləri və marşrutların optimallaşdırılmasının tətbiq olunması üçün 10 milyon avro kredit ayrılıb. Burada yaşayan 300 mindən çox insan üçün bu, tullantıların yandırılmasını minimuma endirmək, əhalinin sağlamlığını və ətraf mühiti yaxşılaşdırmaq, bələdiyyə işçilərinin iş şəraitini yaxşılaşdırmaq deməkdir”, - deyə o bildirib.

AYİB prezidenti qeyd edib ki, gələn həftə baş tutacaq səfəri zamanı o, Gəncənin küçələrinin işıqlandırılmasının modernləşdirilməsinə kömək barədə saziş imzalayacaq.

"Biz iqtisadiyyat və maliyyə nazirlərinə, Nazirlər Kabinetinin digər üzvlərinə və Gəncə şəhər İcra Hakimiyyətinin başçısına Gəncə üçün "Yaşıl şəhərlər" Proqramı çərçivəsində layihələrə davamlı dəstəyə görə təşəkkür etmək istərdik. Ümid edirik ki, bu, Azərbaycanın yaşıl infrastrukturuna çoxsaylı investisiyalardan biri olacaq”, - o deyib.

Odil Reno-Basso hesab edir ki, Gəncə sakinləri üçün küçələrin işıqlandırılması layihəsi enerji səmərəliliyinin əhəmiyyətli dərəcədə artması, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və daha yüksək təhlükəsizlik səviyyəsi deməkdir.

O, bu təşəbbüsün Azərbaycanın digər şəhərlərində də həyata keçirilə biləcəyini istisna etməyib.

Azərbaycanın digər şəhərlərinin də proqrama qoşulma müddətinə gəlincə, Odil Reno-Basso qeyd edib ki, digər amillərlə yanaşı, bu, müvafiq bələdiyyə orqanları tərəfindən ərizələrin verilməsi müddətindən asılıdır.

"Yaşıl şəhərlər proqramı ilə yanaşı, digər investisiya imkanları da olacaq", - o deyib.

Maliyyə sahəsində əməkdaşlığa gəlincə, Odil Reno-Basso bildirib ki, AYİB 2022-ci ildə və ondan sonrakı illərdə Azərbaycan banklarının maliyyələşdirilməsinə sadiqdir.

"Etiraf etmək lazımdır ki, bəzi çətinliklər, o cümlədən 2015-ci ilin devalvasiyasının və bu günə qədər müəyyən dərəcədə hiss olunan COVID-19-un təsiri hələ də qalmaqdadır. Bütün bunlara baxmayaraq, çətin dövrlərdə biz Azərbaycanın bank sektoru ilə işləməyə davam etdik və bu əməkdaşlıq davam edir. Biz hazırda beynəlxalq ticarətin təşviqi, mikro, kiçik və orta sahibkarlığa dəstək, yaşıl və inklüziv maliyyə kimi əsas strateji məqsədlərimizə uyğun bir neçə layihə üzərində işləyirik. Əminəm ki, bu cür perspektivlər yaxşıdır və Bakıdakı komandamız hazırda Azərbaycanın maliyyə sektorunda çoxsaylı iş prosesləri üzərində yorulmadan işləyir”, - AYİB prezidenti deyib.

O qeyd edib ki, AYİB hazırda beynəlxalq ticarətə kömək edən yerli özəl bankları maliyyələşdirir.

"Biz həmçinin yaşıl və inklüziv maliyyələşmə vasitəsilə mikro, kiçik və orta müəssisələri dəstəkləməyə davam edirik. Biz həm də mümkün olduğu qədər yerli valyutada maliyyələşdirməyə diqqət yetiririk ki, bu da çox vacibdir. Biz Azərbaycanda normativ-hüquqi bazanın təkmilləşdirilməsini fəal şəkildə dəstəkləyirik. Biz həm də məsləhət dəstəyi vasitəsilə tərəfdaşlarımızın daxili potensialının gücləndirilməsində iştirak edirik. Biz Azərbaycanın maliyyə infrastrukturunun ən mühüm elementlərini dəstəkləməyə, korporativ idarəetmənin təkmilləşdirilməsinə, eləcə də müvafiq maraqlı tərəflər tələb edərsə, özəlləşdirməyə kömək etməyə hazırıq", - deyə o bildirib.

Gələn həftə Azərbaycana səfərinin proqramı barədə danışan Odil Reno-Basso bu səfəri səbirsizliklə gözlədiyini, səfər zamanı Azərbaycanın siyasi rəhbərliyi, diplomatik ictimaiyyət, iş tərəfdaşları ilə görüşəcəyini bildirib.

"Bakıda olduğum müddətdə Azərbaycana və onun yaşıl keçid proqramına, təkmilləşdirilmiş nəqliyyat əlaqələrinə, dayanıqlı infrastruktura dəstəyimizi bir daha bəyan edəcəyəm. Yeri gəlmişkən, səfərdən əvvəl mən həm də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri olan bir neçə nəfərlə virtual görüşlər keçirmişəm. Biz Azərbaycanda "Yaşıl şəhər" proqramı çərçivəsində Bankın ikinci layihəsi üzrə saziş imzalamaq niyyətindəyik. Biz həmçinin AZPROMO ilə birgə layihəyə start verəcəyik. Bu layihənin məqsədi ölkədə telekommunikasiya, media və texnologiya sektorunun inkişafıdır ”, - deyə o yekunlaşdırıb.