Azərbaycan və Özbəkistan yeni sahələr vasitəsilə əlaqələri genişləndirməyi planlaşdırır - Səfir (MÜSAHİBƏ) (FOTO/VİDEO)

Azərbaycan və Özbəkistan yeni sahələr vasitəsilə əlaqələri genişləndirməyi planlaşdırır - Səfir (MÜSAHİBƏ) (FOTO/VİDEO)

Özbəkistan qarşıdakı beş il ərzində gəliri orta göstəricidən yuxarı olan ölkələr sırasına girmək niyyətindədir.

Bunu Özbəkistanın Azərbaycandakı Səfiri Bahrom Aşrafxanov Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsi zamanı deyib.

Səfirin sözlərinə görə, 2022-2026-cı illər üçün Yeni Özbəkistanın İnkişaf Strategiyası yüksək orta gəlirli ölkələr sırasına girmək üçün möhkəm zəmin yaratmağa yönəlmiş bir çox tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

B.Aşrafxanov qeyd edib ki, strategiya növbəti beş il ərzində həyata keçirilməli olan yeddi əsas sahədən ibarətdir.

Səfir bildirib ki, bu strategiya iqtisadiyyatın bütün sahələrində gələcək genişmiqyaslı islahatlar və dəyişikliklər üçün zəmin olacaq.

Onun sözlərinə görə, strategiyada iqtisadiyyatın daha da liberallaşdırılması, əksər sahələrdə özəlləşdirmə, qiymətlərin sabitləşdirilməsi, böyük həcmdə xarici investisiyaların cəlb edilməsi, inhisarçılığın ləğvi, təşviq və inkişaf kimi prioritetlər müəyyən edilib.

"Bu strategiyada nəzərdə tutulan məqsədlərin inkişafı üçün xarici tərəfdaşlarla əməkdaşlığa əsas diqqət yetirilir", - deyə Səfir bildirib.

Eyni zamanda Səfir Azərbaycanla əlaqələrin inkişaf etdiyini də vurğulayıb. Özbəkistan və Azərbaycan ikitərəfli ticarətin həcmini çoxqat artırmaq üzərində işləyirlər.

"İkitərəfli ticarətin həcmini çoxqat artırmaq üçün bütün lazımi imkanlarımız var", - deyə Aşrafxanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan əməkdaşlıq əlaqələrinin artırılması üçün lazımi addımları atırlar: "Son beş ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən altı dəfə artmışdır. 2021-ci ilin sonunda bu göstərici 2020-ci illə müqayisədə 142 faiz artıb".

Səfir vurğulayıb ki, hətta koronavirus pandemiyası şəraitində də Özbəkistan və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq inkişaf etməyə meyllidir.

"Razılaşmaları genişləndirmək məqsədilə qarşılıqlı təmaslarınvə əlaqələrin davamlılığını təmin etmək üçün yeni mexanizmlər axtarırdıq. Hətta pandemiya dövründə biz videokonfrans şəklində yeni görüşlər, B2G, B2C formatında onlayn biznes forumlar keçirdik. Amma biz əsasən B2B formatında görüşlər keçirməyə çalışdıq. Ölkələrimiz bu cür görüşlərin ildə iki-üç dəfə olmaqla daimi şəkildə keçirilməsi üçün əllərindən gələni edirdilər. Belə görüşlər öz bəhrəsini verdiyi üçün onların tezliyini artırmağa çalışırıq", - deyə Səfir bildirib.

B.Aşrafxanov qeyd edib ki, Özbəkistan-Azərbaycan İşgüzar Şurası və Regionlararası Forum kimi mövcud əməkdaşlıq platformalarına əlavə olaraq, Azərbaycan və Özbəkistan bütün sahələrdə ikitərəfli münasibətləri təmin etmək üçün yeni platformalar axtarırlar.

Səfir bildirib ki, Özbəkistan şirkətinin iştirakı ilə yaradılan Azərbaycanın “Azərmaş” zavodu 2022-ci ildə ildə ən azı 5 min avtomobil istehsal etmək niyyətindədir.

Onun sözlərinə görə, zavodun növbəti addımı "Chevrolet"in Azərbaycanda nomenklatura və model portfelinin genişləndirilməsi, həmçinin yaxın gələcəkdə istehsal həcminin tədricən artırılması olacaq.

"Keçən ilin sentyabrında Hacıqabulda artıq həmin ay "Chevrolet" "Nexia" və "Cobalt" avtomobillərinin yığılmasına başlanan yeni avtomobil zavodunun istifadəyə verilməsinin şahidi olduq. İstifadəyə verildikdən iki ay sonra - 2021-ci ilin dekabrında zavod istehsalını genişləndirdi və "Chevrolet" "Damas", "Labo", "Malibu", "Tracker" və "Lacetti" kimi modellərin yığılmasına başladı.

Bu əməkdaşlıq əlaqələrinin nəticələrini görən ölkələrimiz yeni sahələr vasitəsilə əlaqələri genişləndirməyi planlaşdırır. Biz tekstil, ipəkçilik, dəri-ayaqqabı və elektrotexnika sənayesini belə perspektivli sənayelər hesab edirik", - deyə Səfir bildirib.