Bakı, TurkicWorld
Oktyabrın 2-də Bakı şəhərində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək" hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfrans keçirildi. Bu mühüm tədbir itkin düşmüş şəxslər və insan hüquqları sahəsində beynəlxalq təşkilatların nümayəndələrini, ekspertləri və itkin düşənlərin ailə üzvlərini bir araya gətirərək, bu həssas mövzu ətrafında müzakirələrə şərait yaratdı.
Bunu TurkicWorld-a açıqlamasında politoloq Azər Qarayev bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi və Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxışında belə bir konfransın ötən il keçirilmiş tədbirin davamı olaraq böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:
"O, itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq dəstəyin vacibliyini qeyd edərək, ailələrin öz yaxınları haqqında məlumat almaq hüququnun təmin olunmasının əhəmiyyətini bir daha xatırlatdı".
O bildirib ki, Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında Xüsusi Xidmət Orqanlarının böyük əməyi var:
"Xüsusilə regionda sabitliyin qorunub-saxlanılmasında Azərbaycanın strateji rolunu daha da artırır. Azərbaycan, eyni zamanda, terrorizmə və digər qlobal təhdidlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Bu gün Azərbaycan təhlükəsizlik orqanları müasir texnologiyalarla təmin edilib, hazırlıq vəziyyəti ən yüksək səviyyədədir. Bakıda keçirilən konfrans regionda təhlükəsizlik mühitinin inkişafı və beynəlxalq səviyyədə əməkdaşlıq üçün yeni yolların araşdırılmasına xidmət edir".
İtkin düşmüş vətəndaşlarla bağlı məsələyə də toxunan politoloq əlavə edib ki, hazırda Dövlət Komissiyasının qeydiyyatında 3979 itkin düşmüş şəxs var və işğaldan azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkar edilib.
Ermənistanın Qarabağdakı separatçı rejimi müharibədən sonra bəzi kütləvi məzarlıqları məqsədyönlü şəkildə məhv edib və Ermənistan tərəfi bu məzarlıqlar barədə məlumatları vermir.
"Bu isə həm beynəlxalq hüquqa, eyni zamanda isə insanlığa ziddir", - deyə o vurğulayıb.