BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun İsrail tərəfindən saxlanılan Livan vətəndaşlarının ilk qrupunun azad edilməsində göstərilən səylərə görə ABŞ-yə və beynəlxalq tərəflərə təşəkkür edib. O, xüsusilə Beynəlxalq Qızıl Xaç Komitəsinin prosesdəki rolunu yüksək qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Cozef Aun “X” sosial şəbəkəsində yayımladığı açıqlamada məhbusların azad edilməsini Livanın vahid mövqeyini təsdiqləyən “ilk addım” adlandırıb. O, bu prosesin Livanın tam suverenliyinin bərpasına yönəlmiş üçtərəfli əməliyyat çərçivəsində davam etdirilməsinin vacibliyini vurğulayıb.
Livan prezidenti bildirib ki, ölkə öz ərazisinin bir qarışını və xalqından heç bir şəxsi itirməyəcək.
Aun azad edilən məhbusları və onların ailələrini təbrik edib, bütün milli tələblərin və məqsədlərin tam şəkildə həyata keçirilməsi üçün mübarizənin davam etdiriləcəyini qeyd edib.
Onun sözlərinə görə, əsas məqsəd bütün livanlıların azad və ləyaqətli ölkədə yaşaması, ölkə ərazisində yalnız qanuni qüvvələrin silah daşıması və dövlətin öz vətəndaşlarının təhlükəsizliyini təmin edən yeganə hakim güc olmasıdır.
İsrail ABŞ-nin koordinasiyası ilə aparılan danışıqlar çərçivəsində xoşməramlı addım kimi beş Livan məhbusunun azad edilməsinə razılıq verib.
Livan tərəfi hazırda İsraildə saxlanılan 34 sənədləşdirilmiş Livan vətəndaşının azad edilməsini tələb edir.







