Bakı, TurkicWorld
Keçirilən seçkilər Azərbaycan xalqının demokratik iradəsini növbəti dəfə göstərdi. Parlament seçkiləri beynəlxalq hüquqa uyğun olaraq, demokratik dəyərlərə əsaslanaraq baş tutdu.
TurkicWorld xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri Şamil Ayrım jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu seçkilər bölgədə qalıcı sülh üçün vacib göstəricidir.
"İnanırıq ki, bölgədə siyasi, iqtisadi stabillik davam etdiriləcək və tezliklə Azərbaycan və Ermənistan arasında da sülh müqaviləsi imzalanacaq. Seçkilərdə bütüb tələblərə əməl olundu. Sumqayıtda və Bakıda apardığımız müşahidələrdə onun şahidi olduq ki, vətəndaşlar azad şəkildə səslərini verdilər. Azərbaycanda hər ötən gün seçkilərlə bağlı inkişaf göz önündədir. Seçkilərdə iştirak etdiyinə görə Azərbaycan xalqına təşəkkür edirik, seçkidə qalib gələn namizədləri təbrik edirik".
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.
Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.