Azərbaycan və Oman arasında ikitərəfli əlaqələr müzakirə edilib

Azərbaycan və Oman arasında ikitərəfli əlaqələr müzakirə edilib

Bakı. TurkicWorld:

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi ilə görüş keçirib.

XİN-dən TurkicWorld-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Oman arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və iqtisadi-ticarət, energetika, turizm, su ehtiyatlarının idarə edilməsi, səhiyyə və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu qeyd edilib. Bununla yanaşı, Omanda səfirliyimizin təsis edilməsi qərarının münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

Azərbaycan ilə Oman arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.

Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə ölkəmizlə Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Görüşdə həmçinin digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.