Bakı. TurkicWorld:
Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam ilə görüşüb.
Parlamentdən TurkicWorld-a verilən məlumata görə, qonağı Azərbaycan Milli Məclisində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət töhfə verdiyini və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiklərini bildirib.
Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının uğurla keçiriləcəyinə inamını ifadə edən Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam bu təşkilatın birgə əməkdaşlıq üçün yaxşı platforma olduğunu qeyd edib.
7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində qalib gələrək, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdıran Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri, ölkəsinin Azərbaycanla əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
Təbrikə görə minnətdarlığını bildirən Azərbaycan parlamentinin rəhbəri bu seçkilərin ölkəmizin dövlətçilik tarixində mühüm yeri barədə məlumat verib. O, əminliklə bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda da yeni uğurlara və qələbələrə imza atacaq.
Görüşdə Azərbaycan və Bəhreynin BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq əlaqələrinə malik olduğu diqqətə çatdırılıb. Nümayəndələr Məclisinin sədri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edərək, vurğulayıb ki, Azərbaycanın sədrliyi təşkilatın inkişafında mühüm rol oynamışdır.
Spiker Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının ölkəmizin qlobal əməkdaşlığa daha bir töhfəsi olduğunu bildirərək, qeyd edib ki, Parlament Şəbəkəsi parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevrilməkdədir. O, Bəhreyn Krallığının təşkilatın işində fəal təmsil olunmasından məmnunluğunu ifadə edib.
Görüşdə ölkələrimizin parlamentləri arasında da münasibətlərə dair fikir mübadiləsi aparılıb. Bu istiqamətdə əlaqələri daha da dərinləşdirmək üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib, o cümlədən parlament komitələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.