BAKI,TurkicWorld
Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili və digər kurslarda təhsil alan tələbələrə diplomların təqdim edilməsi mərasimi keçirilib.
TurkicWorld xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan tələbələrə ümumilikdə 186 diplom və sertifikatlar təqdim olunub.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspora rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov çıxışında iki ölkə arasında mövcud olan əlaqələrin tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan əsilli məşhur alimlər, sənətkarlar, sərkərdələr Misirdə, ümumiyyətlə İslam dünyasının inkişafına böyük töhfələr veriblər. Bu kontekstdə diaspora rəhbəri İslam coğrafiyasının işğalçılardan qorunmasında böyük qəhrəmanlıq göstərmiş Nurəddin əz-Zəngi və Səlahəddin Əyyubinin adlarını qeyd edib. S.Nəsirov Misir və Azərbaycan arasında coğrafi baxımdan uzaq məsafəyə baxmayaraq, hər iki ölkənin xalqlarını bir-birinə tarixən sıx elmi və mədəni əlaqələrin bağladığını diqqətə çatdırıb.
S.Nəsirov rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, 2014-cü ildən fəaliyyət göstərən cəmiyyət Azərbaycan dilinin və ədəbiyyatının, mədəniyyətinin təbliği ilə məşğuldur.
İdarə heyətinin sədri əlavə edib ki, cəmiyyətdə təşkil edilən kurslarda indiyədək müxtəlif ölkələrdən 3000-ə yaxın tələbə təhsil alıb və hazırda 61 ölkədən olan 650-dən çox şəxs ödənişsiz əsasda təhsilini davam etdirir. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər tədris olunur.
Qeyd edək ki, Misir-Azərbaycan Dotluq Cəmiyyətinin fəaliyyəti, ərəb ölkələri mediası tərəfindən yüksək qiymətləndirilərək qeniş şəkildə dərc olunur.







