Bakı. TurkicWorld:
Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşü olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TurkicWorld-a bildirilib ki, görüşdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov dost və qardaş ölkələrimiz arasında münasibətlərin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdiyini deyib.
Komitə sədri vurğulayıb ki, Türkiyə dövləti və xalqı Ermənistanın işğalına uğrayan Azərbaycanın haqqını həmişə və hər yerdə müdafiə edib, xüsusən də bu işğala son qoyan 44 günlük Vətən müharibəsinin ilk anlarından etibarən bizə hər cür siyasi, mənəvi və diplomatik dəstəyini göstərib. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Türkiyənin yaxından iştirakını məmnunluqla vurğulayan Ziyafət Əsgərov Hulusi Akarın bu səfərinin əlaqələrimizin genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
TBMM-in Milli müdafiə komissiyasının sədri Hulusi Akar dost və qardaş ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində əldə olunan uğurlardan bəhs edib. O deyib ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadırlar. İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı biz bir daha bunun şahidi olduq.
Hulusi Akar bildirib ki, rəşadətli Azərbaycan Ordusunun işğala son qoyması və ölkənin suverenliyini tam təmin etməsi tarixi əhəmiyyət daşıyır. O, bu tarixi hadisənin Azərbaycanın qarşısında açdığı perspektivlərdən danışıb, bu baxımdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının region ölkələrinin rifahına və firavanlığına xidmət edəcəyini vurğulayıb.
Söhbət zamanı Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı vurğulanıb, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.