Son dəqiqə

Çin ŞƏT

Urumçidə ŞƏT-in "2023 Turizm ili" Forumunun təntənəli açılışı olub

Bakı. TurkicWorld:

Çinin Urumçi şəhərinin Sincan-Uyğur Muxtar Rayonunun (SUMR) beynəlxalq sərgi mərkəzində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "2023 Turizm ili" Forumunun təntənəli açılışı olub.

TurkicWorld -in hadisə yerinə ezam olunmuş müxbiri xəbər verir ki, tədbirdə 300 nəfərdən çox turizm təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların, dövlət və biznes strukturların nümayəndələri, turizm sahəsində ekspertlər, eləcə də Azərbaycan, Qazaxıstan, İran, Tacikistan, Qırğızıstan, Rusiya, Pakistan, Şri-Lanka, Qətər, Əlcəzair, Mərakeş və Özbəkistandan turizm sahəsində ekspertlər və diplomatlar iştirak edir.

Açılışdan əvvəl qonaqlara müxtəlif ölkələrin turizm potensialını əks etdirən sərgi, turizm sektorunun inkişafı sahəsində müxtəlif layihələr təqdim olunub.

SUMR Hökumətinin sədri Erkin Tuniyaz, ŞƏT-in baş katibi Çjan Min, ŞƏT-in baş katibinin müavini Caneş Keyn forum iştirakçılarını salamlayaraq ŞƏT-in turizm sahəsində uğurlarından, SUMR-un turizm sahəsinin cəlbediciliyindən danışıb, gələcək planları bölüşüblər.

Azərbaycanı forumda Dövlət Turizm Agentliyinin əməkdaşları və Azərbaycanın Çindəki səfirliyi təmsil edir. Azərbaycanın ŞƏT dialoqu üzrə tərəfdaş kimi fəal rolunu qeyd etmək lazımdır. Azərbaycan Çinin "Bir yol, bir kəmər" təşəbbüsünü dəstəkləyən, öz iqtisadi, eləcə də nəqliyyat-logistika potensialı ilə bu təşəbbüsün reallaşdırılmasına böyük töhfə verən ilk ölkələrdən olub. Turizmin inkişafının birbaşa iqtisadiyyata təsir göstərdiyini nəzərə alaraq qeyd edək ki, Azərbaycanın ŞƏT ölkələri ilə ötən il əmtəə dövriyyəsi 45,8 faiz artaraq 9 milyard ABŞ dollarını ötüb. Ötən il bu ölkələrin Azərbaycanın xarici ticarətində payı 17 faiz olub. ŞƏT üzvləri Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub. Azərbaycan isə öz növbəsində ŞƏT-in üzv ölkələrinin iqtisadiyyatına 3,2 milyard dollar investisiya qoyub. Bu səbəbdən Azərbaycanla ŞƏT arasında turizm sahəsinin gələcək inkişafı qarşılıqlı səmərəli əməkdaşlıq olacaq.

ŞƏT-in 23-26 noyabr tarixlərində keçirilən "2023 Turizm ili" Forumu ŞƏT Katibliyi və Çin Xalq Respublikasının (ÇXR) Sincan-Uyğur Muxtar Rayonu (SUMR) Hökuməti tərəfindən ŞƏT Turizm ili çərçivəsində keçirilən ilk tematik forumdur. ŞƏT-in üzv ölkələri Özbəkistanın Səmərqənd şəhərində turizm industriyasını dəstəkləmək və ŞƏT məkanında şəhər və rayonların turist cəlbediciliyinin artıırlması məqsədilə 2023-cü ili "Turizm ili" elan ediblər. Forumun əsas məqsədi ŞƏT-in üzv ölkələrinin turizm sektorunun inkişafına, birgə layihələrin və ümumi turizm məkanının yaradılmasına imkan yaratmaqdır. ŞƏT-ə Çin, Hindistan, Pakistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və İran daxildir.

Forum çərçivəsində "ŞƏT məkanının turizm potensialı", "Çinin Sincan-Uyğur Muxtar Rayonunun turizm potensialı", "ŞƏT ölkələrində dayanıqlı turizmin təşviqi", "Yoxsulluğun azaldılması faktoru kimi turizmin inkişafı" tematik bölmələr və "B2B/B2G" formatında netvorkinq sessiyası təşkil olunub.

Mövzuya görə xəbərlər