Qarabağ Azərbaycanın inkişafında yeni lokomotivə çevriləcək - Vüqar Bayramov (ÖZƏL)

Qarabağ Azərbaycanın inkişafında yeni lokomotivə çevriləcək - Vüqar Bayramov (ÖZƏL)

Bakı. TurkicWorld:

Füzuli daxil olmaqla Qarabağda bərpa və yenidənqurma mərhələsi, daha sonra iqtisadiyyatın formalaşması və reinteqrasiyası prosesi ondan xəbər verir ki, Qarabağ Azərbaycanın inkişafında yeni lokomotivə çevriləcək.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov TurkicWorld-a özəl açıqlamasında deyib.

"Füzuli yeni mərhələyə qədəm qoyur və artıq ilk şəhər günü Füzuli şəhərində qeyd olunacaq. Nəzərə alsaq ki, Qarabağa ilk qayıdış da məhz Füzuli şəhərindən başladı, artıq Füzuli şəhərində 900-ə yaxın vətəndaşımız məskunlaşıb. İlin sonuna qədər şəhərdə məskunlaşacaq ailələrin sayı 800-ə çatacaq. Bu o deməkdir ki, təxminən 300 mindən artıq vətəndaşımız ilin sonuna qədər Füzuli şəhərində məskunlaşacaq. Təbii ki, Füzuli həm də Qarabağın hava qapısıdır. Füzuli, eyni zamanda, coğrafi yerləşmə mövqeyi baxımından hər zaman Azərbaycan üçün strateji əhəmiyyətə malik olan rayonlardan olub. Amma artıq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz Füzuli daxil olmaqla bütövlükdə Qarabağı işğaldan azad edib", - deyə o əlavə edib.

Millət vəkili onu da bildirib ki, bütövlükdə Qarabağ bərpa və quruculuq mərhələsinə qədəm qoyub.

"Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, bütövlükdə Qarabağ Azərbaycan iqtisadiyyatında təxminən 8 milyard manatlıq yeni dəyər formalaşdırılacaqdır. Bu isə ondan xəbər verir ki, Qarabağ Azərbaycanın qeyri-neft sektoruna töhfə verməklə yanaşı, həm də Azərbaycan iqtisadiyyatında yeni "driver"-ə çevrilməkdədir", - deyə V.Bayramov vurğulayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01