Bakı. TurkicWorld:
Xankəndidə Azərbaycan bayrağının dalğalanması çox simvolik və siyasi məna daşıyır.
Bunu TurkicWorld-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, Xankəndinin erməni separatçılardan təmizlənməsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək səylərində mühüm addımdır.
"Bu, təkcə Azərbaycan üçün deyil, həm də region ölkələri və beynəlxalq ictimaiyyət üçün müsbət hal kimi qiymətləndirilməlidir. Bununla Azərbaycan region ölkələri ilə daha güclü iqtisadi və siyasi əlaqələr qura, Qarabağın yenidən qurulması üçün əməkdaşlıq imkanları yarada bilər.
Azərbaycan torpaqlarında qanunsuz hakimiyyət qurmaq istəyənlərin Azərbaycan məhkəməsi qarşısına çıxarılması həm Azərbaycan cəmiyyətinin qəlbinə su səpdi, həm də Azərbaycan dövlətindən kənar regionda heç bir fəaliyyətin uğurlu ola bilməyəcəyini konkret şəkildə təsdiqlədi.
Nəticədə, Xankəndidən erməni separatçıların təmizlənməsi Azərbaycan üçün ərazi bütövlüyünün bərpası, təhlükəsizliyin və sabitliyin təmin edilməsi və regional əməkdaşlıq imkanlarının artırılması kimi bir çox mühüm faydalar gətirdi", - deyə o əlavə edib.
M.Yüce bildirib ki, Azərbaycanı Cənubi Qafqazın mərkəzi ölkəsinə çevirilib.
"Azərbaycan Ermənistan vasitəsilə nüfuz qazanmağa çalışan Fransaya və digər Qərb dövlətlərinə regionun hakimi olduğunu və onun iradəsi olmadan regionda hər hansı formasiyanın canlanmasının mümkün olmadığını konkret şəkildə nümayiş etdirdi. Bəlkə də, bu nəticə qədər önəmli olan bu tarixi qələbə ilə azərbaycanlılar bir daha dost-düşmənlərinə torpaqlarının heç vaxt işğal altında qalmayacağını göstərdilər", - deyə o bildirib.