Bakı. TurkicWorld:
Azərbaycanın antiterror tədbirləri lazımi zamanda düzgün atılmış addımdır.
Bu barədə TurkicWorld-a özəl açıqlamasında UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üç tərəfli bəyannamədəki öhdəliklərini yerinə yetirmək əvəzinə təxribatlara əl atan Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etmir. Əksinə, bölgəni xarici güclərin əməliyyat meydanına çevirməyi hədəfləyir. Ermənistanın son dönəmlərdə artan təxribatları və Qarabağda qondarma seçkilərin keçirilməsi gərginliyi daha artırdı. Digər tərəfdən, Ermənistanın minalardan təmizlənmiş əraziləri yenidən minalaması, dinc əhalinin ölümünə səbəb olması, nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və bölgənin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistanın terrorçu qüvvələrinə qarşı lokal antiterror tədbirləri başladıb", - deyə o əlavə edib.
M.Yüce onu da vurğulayıb ki, bu əməliyyat heç bir mülki hədəfi və ya infrastrukturu hədəf almır, məqsəd regionun təhlükəsizliyini təhdid edən Ermənistan silahlı qüvvələrini bölgədən çıxarmaqla Qarabağda sabitliyi, Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan xalqının, o cümlədən, Ermənistan ərazisində yaşayan mülki ermənilərin təhlükəsizliyini təmin etməkdir.
"Azərbaycan bu tədbirlərlə üç tərəfli bəyannamədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistanla danışıqlar aparmağı, daha bir əməliyyatı boşa çıxarmamaq üçün vəd edilmiş, lakin Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılmayan və Azərbaycana təhvil verilməyən torpaqları geri almaq, Qarabağda qondarma rejimin özünü ləğv etməsini və erməni quldur dəstələrinin təslim olmasını təmin etməkdir. Azərbaycanın bu məqsədinə çatacaq qədər gücü var. Azərbaycan ictimai rəyi də buna hazırdır. Azərbaycanın başlatdığı antiterror tədbirləri beynəlxalq hüquq normalarına uyğundur və lazımi zamanda düzgün atılmış addımdır", - deyə M.Yüce qeyd edib.
O, həmçinin bildirib ki, bu prosesdə Türkiyə hər vasitə ilə Azərbaycanın yanındadır.
"Bu, həm qardaşlıq hüququnun tələbidir, həm də Şuşa bəyannaməsinin hüquqi nəticəsidir. Şuşa Bəyannaməsinə görə, hər iki ölkədən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, toxunulmazlığına və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhlükəsizliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhlükə yaranarsa, tərəflər birgə hərəkət edəcək və razılaşdırılmış Silahlı Qüvvələrin güc və idarəetmə bölmələrinin fəaliyyəti təmin ediləcək. Yəni Azərbaycanın suverenliyi, təhlükəsizliyi, ərazi bütövlüyü birbaşa Türkiyəyə də aiddir. Türkiyə bu mövzuda üzərinə düşəni edəcək. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da görə bilərsiniz. Türkiyə XİN Azərbaycanın başlatdığı antiterror tədbirlərini haqlı hesab edir və dəstəkləyir. Eyni şəkildə BMT-dəki çıxışında Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Bir millət, iki dövlət” devizi ilə hərəkət edən Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün bu tədbirləri dəstəklədiyini bildirib", - deyə M.Yüce qeyd edib.