Bakı. TurkicWorld:
Ağdam-Xankəndi yolunun və Laçın yolunun yük maşınları üçün paralel açılması Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir.
Bu barədə TurkicWorld-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, Ermənistan bu marşrutların paralel olaraq açılmasını təklif etdiklərini iddia etsə də, bu iddia faktları əks etdirmir.
"Əksinə, sentyabrın 1-dən etibarən bu marşrutların eyni vaxtda açılması razılaşdırılsa da, Qarabağdakı separatçılar bunun qarşısını aldılar. Çünki bu təşəbbüs Azərbaycanın Qarabağda yaşayan ermənilərlə bağlı siyasətinə uyğun idi, Ermənistan və Qarabağ separatçıları bunun qarşısını almağa çalışırdılar.
Məlum olduğu kimi, bu məsələ ilə bağlı Azərbaycan diplomatiyasının gündəmə gətirdiyi iki məsələ var idi. Bunlardan birincisi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməkdir. Ağdam-Xankəndi marşrutu ilə yardım maşınlarının Xankəndiyə çatdırılması beynəlxalq münasibətlərdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət deməkdir. Bu səbəbdən Rusiya Qızıl Xaç Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli vətəndaşlara göndərdiyi yük Rusiyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətinin təsdiqi kimi oxunmalıdır.
Başqa sözlə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Rusiya Qızıl Xaç Cəmiyyəti arasında Anlaşma Memorandumunun imzalanması Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət çərçivəsində atılan addımdır. Çünki Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və Azərbaycan dövləti öz suverenliyi çərçivəsində öz vətəndaşlarına yardım edəcək.
İkincisi, Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə bəyan edib ki, Qarabağda yaşayan ermənilər onun vətəndaşlarıdır və buna görə də öz vətəndaşlarının təhlükəsizliyini, sağlamlığını, güzəranını öz üzərinə götürməyə hazırdır. Ağdam yolunun açılması Azərbaycanın Ermənistanın dəstəklədiyi bütün erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması tələblərini aradan qaldırmır", - deyə o əlavə edib.
Qeyd edək ki, Qarabağdakı separatçılar, nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.
Belə ki, separatçıların liderləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.
Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu iki həftədən çox ləngitdilər.
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib.