Azərbaycan Qarabağ Özəl Zəfər Günü Mehmet Yüce

Qarabağ zəfəri Türk Dünyasının son əsrdə qazandığı yeganə böyük zəfərdir - Mehmet Yüce (ÖZƏL)

Bakı. TurkicWorld:

Qarabağ zəfəri Azərbaycanın regional və beynəlxalq aləmdə rolunu gücləndirdi.

Bu barədə TurkicWorld-a özəl açıqlamasında UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

"Qarabağ Azərbaycan xalqı üçün işğaldan daha çox millli qürur məsələsi idi. Ona görə də İkinci Qarabağ müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatması və Qarabağın geri alınması çox böyük önəm daşıyır. Bu zəfər, əslində, Türk Dünyasının son əsrdə qazandığı yeganə böyük zəfərdir", - deyə o vurğulayıb.

M.Yüce onu da bildirib ki, erməni işğalı altında olan Qarabağın azad edilməsi Azərbaycanda kollektiv şüuru gücləndirən, milli kimliyi yenidən formalaşdıran dönüş nöqtəsi oldu.

"Azərbaycan bu qələbə ilə torpaqlarının 20 faizi işğal olunmuş bir ölkədən düşməninə dəmir yumruq vuraraq torpağını işğaldan xilas edən qalib ölkəyə çevrildi. Ona görə də bu hadisə Azərbaycanın ictimai əlaqələrini gücləndirən, onun cəmiyyətinin kimliyini formalaşdıran mühüm tarixi hadisə hesab edilməlidir. Məlum olduğu kimi, belə böyük siyasi və hərbi hadisələr ümumilikdə cəmiyyətlərin kollektiv şüurunun formalaşmasına və möhkəmlənməsinə müsbət təsir göstərir. Qarabağ zəfəri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, tarixi-mədəni əlaqələri canlandırdı, onun regional rolunu gücləndirdi, məcburi köçkünlərin öz dədə-baba yurduna yenidən qayıtmasını təmin etdi", - deyə o qeyd edib.

M.Yüce onu da vurğulayıb ki, Qarabağın 30 illik işğaldan azad edilməsi Azərbaycanın Cənubi Qafqazda daha effektiv aktora çevrilməsinə dəstək olaraq regional əməkdaşlıq və diplomatik münasibətləri formalaşdırmaq imkanlarını da artıracaq.

"Bu qələbə ilə Azərbaycan Türk Dövlətləri Təşkilatının lokomotiv dövlətinə çevrildi və türk dövlətlərinin problemlərinin həllində onlara nümunə oldu", - deyə M.Yüce qeyd edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər