Bakı. TurkicWorld:
8 Noyabr qələbəsi Azərbaycan və Türk Dünyası üçün böyük əhəmiyyət daşıyır.
Bunu TurkicWorld -in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, Azərbaycanın əzəli torpaqlarının təxminən 20%-ni təşkil edən Qarabağ 1988-1994-cü illərdə Ermənistan tərəfindən işğal olunub.
"Birləşmiş Millətlər Təşkilatı tərəfindən Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı bir çox qərarlar qəbul edilsə də, Qərb dövlətlərinə arxalanan Ermənistan BMT-nin bu qərarlarını nəzərə almayıb. Qarabağ problemini həll etmək üçün yaradılan ATƏT-in Minsk qrupu 30 il heç bir iş görmədi. Hətta ATƏT-in Minskdəki həmsədri Fransa Ermənistanı açıq şəkildə dəstəklədi.
30 il ərzində Ermənistanın işğalı altında olan Qarabağdan azərbaycanlılar qovuldu, etnik təmizləmə aparıldı, yeraltı və yerüstü sərvətlər talan edildi, tarixi abidələr dağıdıldı. Təəssüf ki, Qərb ermənilərin bu təxribatlarına qarşı susmağa üstünlük verdi. Bu səbəbdən də Azərbaycan Qarabağ problemini öz gücü və üsulu ilə həll etməli idi. 2020-ci ildə Ermənistanın törətdiyi təxribatlardan sonra başlayan İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 8-də imzalanan atəşkəs və Azərbaycanın qələbəsini göstərən Üçtərəfli bəyanatla nəticələndi.
Bu qələbə nəticəsində Azərbaycan torpaqlarını geri qaytardı. Maraqlıdır ki, Ermənistanın regionda təxribatlarına, müharibə zamanı dinc sakinlərə hücumlarına səssiz qalan Qərb Azərbaycanın öz ərazisində ədalətli, qanunauyğun, mülki əhali itkisi olmadan apardığı müharibənin çirkli görünməsi üçün böyük səylər göstərib", - deyə o əlavə edib.
M.Yüce əlavə edib ki, Qarabağ qələbəsi Azərbaycan üçün təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də milli qürur mənbəyidir.
"Azərbaycan xalqı üçün bu qələbə onu göstərdi ki, uzun illərin iztirabları başa çatıb, ölkəsi öz bütövlüyünü bərpa edib. Bundan əlavə, bu qələbə Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyətin formalaşmasına səbəb oldu. Məncə, ən mühüm nəticələrdən biri də bu qələbənin yaratdığı sinerji ilə Türk Dövlətləri Təşkilatının yaranmasıdır", - deyə o bildirib.