Bakı. TurkicWorld:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezident İlham Əliyevin dəvəti ilə Naxçıvana səfəri həm məkan, həm də vaxt baxımından çox əhəmiyyətli və mesajlarla dolu bir zirvə görüşü oldu.
Bu barədə TurkicWorld-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
"BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycanın başlatdığı və 23 saat ərzində hədəfinə çatan lokal antiterror tədbirlərinin Azərbaycanın haqqı olduğunu bəyan edən Ərdoğan Naxçıvanda da Ermənistana uzadılan sülh əlinin Ermənistan üçün tarixi fürsət olduğunu bildirərək, sülhə gedən yolun Zəngəzur dəhlizinin açılması ilə mümkün olacağını bir daha təsdiqlədi və Ermənistanın Zəngəzur məsələsində addım atmasının zəruriliyini bildirdi. Odur ki, iki liderin Naxçıvan görüşündə verilən əsas mesaj "Azərbaycanın ərazi bütövlüyünün təsdiqi, iki qardaş dövlət arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi, Türk dünyasını quru yolu ilə birləşdirəcək Zəngərzur dəhlizinin açılması, Ermənistan da daxil olmaqla regionda sülh və sabitliyin təmin edilməsi kimi oxunmalıdır", - deyə o, əlavə edib.
M.Yüce bildirib ki, Naxçıvanda baş tutan görüşdə, həmçinin iki ölkə arasında bir sıra sənədlərdə imzalandı.
"İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyə arasında enerji sahəsində tərəfdaşlığı daha da dərinləşdirəcək və eyni zamanda Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək. Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı anlaşma memorandumu imzalanıb. Belə ki, Bakı-Zəngəzur-Naxçıvan-Qars dəmir yolu xəttinin şərq hissəsi üçün Azərbaycan tərəfində lazımi infrastruktur yaradılarkən, qərb hissəsi üçün lazımi infrastruktur işlərinə başlanılacaq. Beləliklə, orta dəhlizin ən mühüm hissələrindən biri tamamlanır. Bir az aralıda olan Zəngəzur hissəsi qalsa, bu hissəni tikmək üçün Ermənistana beynəlxalq təzyiqlər olacaq.
Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açılışı da mühüm hadisə kimi dəyərləndirilməlidir. Burada aparılacaq hərbi maşın və sursatların modernləşdirilməsi işləri Türkiyənin müdafiə sənayesindəki təcrübələrini Azərbaycana ötürməklə həm bölgə üçün məşğulluq imkanları yaradacaq, həm də ortaq müdafiə sahəsi yaradacaq",- deyə Yüce vurğulayıb.
Onun sözlərinə görə, bütün bu hadisələr Türkiyənin Azərbaycanın yanında olması diskursunun sözdən əmələ keçərək konkretləşməsi deməkdir.
"Ona görə də Türkiyə-Azərbaycan müttəfiqliyi ilə Cənubi Qafqazda yeni bir reallıq yaranıb. Bölgədəki heç bir gücün bu reallığa məhəl qoymadan uğur qazanması mümkün deyil. Azərbaycan bunu 23 saatlıq lokal antiterror tədbiri ilə nümayiş etdirdi. Türkiyə prezidenti də BMT Baş Assambleyasında bu reallığı açıq şəkildə ifadə etdi",- deyə o, bildirib.