Bakı. TurkicWorld:
Azərbaycanın güclənməsi və Cənubi Qafqazda mühüm aktora çevrilməsi bu regionda qazanc əldə etməyi hədəfləyən qüvvələri narahat edir.
Bu sözləri TurkicWorld-a özəl açıqlamasında UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
M.Yüce onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə gündəmlə bağlı çox vacib məsələlərə toxunulub.
"Prezidentin açıqlamalarına nəzər saldıqda xalqını çox yaxşı tanıyan, ölkəsinin tarixini, mədəniyyətini çox yaxşı bilən, dünya siyasətini çox yaxşı oxuyan güclü liderin profilini aydın şəkildə görə bilərik. Dövlət başçısının həyata keçirdiyi unikal və müstəqil, çoxşaxəli və çoxtərəfli xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə güclü aktora çevirib",- deyə o əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanın güclənməsindən narahat olan ölkələrdən biri də Fransadır.
"İllərdir Ermənistan vasitəsilə regionda proksi müharibə aparan və ya terror fəaliyyətini idarə edən Fransa İkinci Qarabağ müharibəsindən sonra siyasi oyunlarla Azərbaycanın haqlı qələbəsinə kölgə salmağa çalışdı", - deyə M.Yüce bildirib.
Prezidentin vurğuladığı məsələləri əsas başlıqlar altında aşağıdakı kimi sadalaya bilərik:
- Azərbaycanın bugünkü nailiyyətlərinin və ya uğurlarının əsasında 2003-cü ildə Azərbaycan xalqının “ümummilli lider Heydər Əliyev” siyasətini davam etdirmək qərarı dayanır.
- Zəngəzur dəhlizi açılmasa, ən çox Ermənistan zərər çəkəcək.
- Qarabağ zəfəri Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə taclandı,
- İkinci Qarabağ müharibəsində böyük fədakarlıqlar göstərən Azərbaycan Ordusu peşəkar və güclü olduğunu sübut etdi,
- Baş verənlər hər cəhətdən güclənən Azərbaycanın nəzarətindədir və ona görə də heç kimin Azərbaycana hədə-qorxu və lovğalıqla yanaşması mümkün deyil;
- Fransa Ermənistanı silahlandıraraq müharibəyə hazırladı,
- Lazımi infrastrukturun tamamlanması ilə insanlar tez bir zamanda öz ata-baba yurdlarına qayıtdılar,
- Azərbaycan ciddi problemlə üzləşsə, ilk zəng edəcəyi şəxs Rəcəb Tayyib Ərdoğan olacaq.
"Bu mesajlarda diqqətimi çəkən ən mühüm üç məsələ var. Birincisi, Azərbaycan vurğulayır ki, bugünkü uğurların əsasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin güclü rəhbərliyi və bu rəhbərliyin yürütdüyü siyasət dayanır. Cənab Prezident burada ilk növbədə sosioloji müşahidə aparır. Bu qətiyyət Türk cəmiyyətində güclü liderliyin əhəmiyyətidir. İkincisi, Prezident İlham Əliyevin ciddi bir problemlə qarşılaşsaq, ilk zəng edəcəyi şəxsin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olacağını bildirməsidir. Bu bəyanat Türkiyə və Azərbaycan arasındakı münasibətlərin səviyyəsini və dərinliyini göstərir. Bu iki qardaş ölkə arasında İkinci Qarabağ müharibəsi ilə başlayan yeni dövr 44 günlük Vətən müharibəsində qələbədən sonra imzalanan Şuşa bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldi, qardaşlıq münasibətlərinin dərinliyini açıq şəkildə ortaya qoydu", - deyə M.Yüce qeyd edib.