Bakı. TurkicWorld:
Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nın yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olundu. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçidi, habelə Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda açılması məsələsi ilə bağlı yerli medianın suallarına cavabında bildirib.
"Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə, Azərbaycanın ABŞ və digər tərəfdaşlarla yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir.
Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır", - deyə qeyd edilib.