BAKI, TurkicWorld
Husilər ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını (PUA) ölkənin şimalındakı Həccə şəhərində vurduqlarını açıqlayıblar.
TurkicWorld xəbər verir ki, bu barədə Husilərin Hərbi sözçüsü Yəhya Səri açıqlama verib.
Hücumun, İsrailin Qəzzaya hücumlarına cavab olaraq həyata keçirilən əməliyyatlar çərçivəsində reallaşdığı bildirilib.
Onun sözlərinə görə, bu, Qəzzaya dəstək məqsədli əməliyyatlar çərçivəsində vurulan 19-cu pilotsuz uçuş aparatıdır. Son iki həftədə isə bu, 4-cü PUA-nın hədəf alınmasıdır.
Qeyd edək ki, Husilər 31 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəmən sahillərində İsraillə əlaqəli ticarət gəmilərinə hücumlar təşkil edir, bəzilərini isə ələ keçirirlər. Onlar həmçinin pilotsuz uçuş aparatları və raketlərlə bu gəmilərə zərbələr endirirlər.
7 martda verdikləri açıqlamada Husilər İsrailə Qəzzaya humanitar yardımın daxil olmasına imkan yaratmaq üçün 4 günlük müddət verdiklərini, əks halda dəniz əməliyyatlarını yenidən başlatacaqlarını bəyan ediblər.
ABŞ-ın prezidenti Donald Tramp isə 15 martda sosial media hesabında paylaşım edərək ordunun Yəməndəki Husilərə qarşı böyük bir hücum həyata keçirməsi üçün göstəriş verdiyini açıqlayıb.
Husilərin lideri Əbdülməlik əl-Husi də öz növbəsində bildirib ki, ABŞ-a məxsus təyyarə və hərbi gəmilər bundan sonra onların hədəfində olacaq və Vaşinqton Qəzzadakı hücumlara dəstəyini davam etdirdiyi təqdirdə dənizdəki bütün fəaliyyətləri maneələrlə üzləşəcək.