BAKI, TurkicWorld
Danimarkada ABŞ-ın Qrenlandiya siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, aksiyalar Danimarkanın Orxus və Kopenhagen şəhərlərində min nəfərə yaxın insanın iştirakı ilə keçirilib.
Etirazçılar ABŞ-ın Kopenhagendəki səfirliyi qarşısında "Qrenlandiya Qrenlandiyaya məxsusdur" şüarı altında ABŞ hökümətinə öz etirazlarını bildiriblər.
Xatırladaq ki, bundan əvvəl Danimarka Xarici İşlər Naziri Lars Lokke Rasmussen, X platformasında paylaşdığı videoda ABŞ Vitse-prezidenti Cey Di Vensin Qrenlandiya mövzusunda Kopenhagen hökumətinə verdiyi açıqlamaların və istifadə etdiyi üslubun qəbuledilməz olduğunu bildirib.
Rasmussen, ölkəsinin Arktikanın təhlükəsizliyi üçün artıq daha çox sərmayə qoyduğunu və bu mövzuda ABŞ ilə əməkdaşlığa da açıq olduğunu qeyd edib.
"Çoxlu sayda ittiham və iddiya irəli sürüldü. Əlbəttə, tənqidlərə açığıq. Amma bu tənqidlərin tonunu bəyənmirik. Yaxın müttəfiqlərinizlə bu cür danışmaq olmaz", - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Qrenlandiyanı ABŞ-ın nəzarətinə almaq arzusunu tez-tez dilə gətirir.
Tramp, ötən ilin dekabr ayında, Qrenlandiyanın ABŞ nəzarətində olmasının vacib olduğunu bildirib və adanın nəzarətinin təmin olunmasını mütləq zərurət kimi dəyərləndirib.
O, martın 23-də NATO Baş katibi Mark Rutte ilə Oval Ofisdə keçirdiyi görüş zamanı da bu barədə oxşar fikirlər səsləndirib.
"Düşünürəm ki, Qrenlandiya ABŞ-ın nəzarəti altında olacaq. Bu baş verəcək. Lakin bunun üçün bir razılaşma əldə etməliyik. Danimarka ilə danışıqlar aparırıq. Bu, milli təhlükəsizliyimiz üçün həqiqətən vacibdir", - deyə Tramp qeyd edib.
Qrenlandiya rəhbərliyi isə bu açıqlamalara cavab olaraq adanın satılmadığını və satlıq olmayacağını bildirib. Danimarka isə bu mövzuda Qrenlandiyaya dəstəyini davam etdirir.