Bakı, TurkicWorld
Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində başlatdığı hücum zamanı mühasirədə qalan 9 tibb işçisindən 3 gündür xəbər olmadığını açıqlayıb.
TurkicWorld AzerVoice xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən edilən yazılı açıqlamada, "Rəfəhin qərbində mühasirəyə alınan və hədəfə alınan təcili yardım qruplarımızla 3 gündür heç bir əlaqə yoxdur. 9 səhiyyə işçimizin vəziyyəti məlum deyil". ifadələrdən istifadə edilmişdir.
İsrail ordusunun xilasetmə qrupunun sözügedən bölgəyə çatması üçün beynəlxalq təşkilatlar vasitəsilə edilən bütün koordinasiya cəhdlərini rədd etdiyi bildirilib.
Açıqlamada, Qızıl Aypara komandasının təhlükəsizliyi ilə bağlı ciddi narahatlığın olduğu və komandanın başına gələ biləcəklərə görə tamamilə İsrailin məsuliyyət daşıdığı vurğulanıb.
Fələstin Qızıl Aypara Cəmiyyətinin martın 23-də verdiyi ilk açıqlamada yaralıları xilas etmək üçün bölgəyə göndərilən 4 təcili yardım maşını və qruplarının İsrail ordusu tərəfindən mühasirəyə alındığı, hücumda bəzi tibb işçilərinin də yaralandığı bildirilib.
Həmin gün Fələstin Mülki Müdafiə Təşkilatı Rəfahın qərbinə göndərilən xilasetmə qrupu ilə əlaqənin kəsildiyini açıqlayıb.
Qeyd edək ki, yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.
İsrail ordusunun yenidən hücumlara başlamasından bəri əksəriyyəti qocalar, qadınlar və uşaqlardan ibarət 700-dən çox fələstinli həyatını itirib, 1200-dən çox insan isə yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 50 min 82-yə, yaralıların sayı isə 113 min 408-ə yüksəlib.