Son dəqiqə

Pakistan Bəlucistan

Pakistanın bir çox bölgələrinə silahlı hücumlar olunub

Bakı, TurkicWorld

Pakistanda bir sıra polis məntəqələrinə və avtobus dayanacağına silahlı hücumlar edilib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, hücumlar 2 və Bəlucistan vilayətlərində təşkil edilib.

Belə ki, Xayber-Paxtunxva vilayətində səhər saatlarında polis məntəqələrinə, nəzarət-buraxılış məntəqələrinə və qaz obyektinə edilən hücumlar nəticəsində dörd nəfər, o cümlədən üç polis əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.

Peşəvər bölgəsində yerləşən Bajaji polis məntəqəsinə edilən silahlı hücumda bir polis əməkdaşı həlak olub. Hücuma cavab verən polis qüvvələri atəş açaraq silahlıları geri çəkilməyə məcbur edib və onların tapılması üçün genişmiqyaslı axtarış əməliyyatına başlayıb.

Digər hücumlar Karak bölgəsindəki Taxt-e-Nasrat və Tana Kuram polis məntəqələrinə edilib. Bölgənin polis rəisi Şahbaz İlahinin verdiyi məlumata görə, polis qüvvələri hücumların qarşısını alıb, lakin bir polis əməkdaşı həyatını itirib.

Bundan başqa, Nisran polis məntəqəsinə təşkil olunan silahlı hücumda iki polis əməkdaşı yaralanıb. Cənubi Vəziristan bölgəsində isə təqaüddə olan polis əməkdaşına sui-qəsd təşkil edilib və o, hücum nəticəsində həlak olub.

Bəlucistan vilayətində isə bir avtobus dayanacağında baş verən partlayış nəticəsində ən azı 5 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Hadisə yerində araşdırmalar aparan polis partlayışın səbəbinin hələ müəyyən edilmədiyini və təhqiqatın davam etdiyini bildirib. Yaralılar xəstəxanaya çatdırılıb və onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Qeyd edək ki, son günlərdə Pakistanın müxtəlif bölgələrində artan hücumlar ölkədə təhlükəsizlik vəziyyətinin daha da gərginləşdiyini göstərir. Rəsmi qurumlar bu hücumların təşkilatçılarını müəyyən etmək üçün genişmiqyaslı istintaq aparır.

Mövzuya görə xəbərlər